KSQ və BSQ sualları niyə dərsliklərdən salınmır? - Ekspert: "Müəllimlər özlərinə əziyyət vermək istəmirlər"

 16:15 07.03.2023     2605

Bəzən orta məktəblərdə şagirdlər üçün sınaq məqsədi ilə keçirdiyi Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmədə (BSQ) suallar dərslik kitablarından hazırlanmır. Belə ki, həmin suallar əlavə oxu materiallarından, iş dəftəri və test kitabçalarından tərtib olunur. Ona görə də KSQ və BSQ-lərdə 10 sualdan bəzən cəmi ikisi dərsliklərdən salınır.

Maraqlıdır, bəs niyə müəllimlər suallarda əlavə vəsaitlərdən istifadə edir? Şagirdin dövlətin verdiyi dərslikdə keçmədiyi məsələlərlə bağlı sualların KSQ və BSQ-yə salınması nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycan təhsil sistemi 2008-ci ildən etibarən kurikulum standartlarında dərslər təşkil etməyə başlayıb. 

Onun sözlərinə görə, kurikulum standartlarına görə hər 4-5 həftədən bir keçirilmiş mövzuları yoxlamaq, təkrarlamaqdan ötrü şagirdlərə Kiçik Summativ Qiymətləndirmələr (KSQ) keçirirlər və eyni zamanda hər rübün sonunda Böyük Summativ Qiymətləndirmələr (BSQ) keçirilir:

"Məqsəd həmin mövzunu yaxşı mənimsəməyə kömək etməkdir. Çox təəssüflər olsun ki, baxmayaraq ki, Azərbaycanda 15 il kurikulum standartlarının tədrisi təşkil olunur, hələ də bizim müəllimlərimizin hamısı kurikulum standartlarına uyğun qiymətləndirmə meyarlarını mənimsəyə bilməyiblər və bu istiqamətdə bizdə problemlər mövcuddur. Təbii ki, onlardan biri də KSQ, BSQ suallarının standartlara uyğun yazılmağı ilə bağlıdır. Qeyd edim ki, heç bir halda icazə verilmir ki, KSQ, BSQ sualları hazırlananda əlavə materiallardan istifadə olunsun. Çünki keçirilən dərslikdəki mövzuların mənimsənilməsi üçün bu həyata keçirilir. Müəllimlər ona görə əlavə oxu materiallarından "Namazov"dan və yaxud da digər iş dəftəri, test kitabcalarından istifadə edirlər ki, orada hazır suallar var, vaxt itirmək istəmirlər. Özlərini əziyyətə vermək istəmirlər və bu zaman həmin şagirdlərin biliyinin qiymətləndirilməsi obyektiv həyata keçirilmir. Çünki dövlət nümunəli məktəblərdə dövlətin təsdiq etdiyi vəsaitlərlə bilik və bacarıqlar öyrədilirsə, yoxlanılma da o vasitələrlə həyata keçirilməlidir. Yəni hər hansısa fərqli vəsaitlərdən istifadə olunmamalıdır. Müəllimlər özlərinə yük, əziyyət vermək istəmirlər. Digər tərəfdən də bunun təbii ki, repetitorluq tərəfi də var. Bəzən müəllimlər çalışırlar ki, çətin suallarla uşaqları yoxlasınlar. Valideynlər görsün ki, uşaqların nəticələri zəifdir və onların yanına repetitor xidməti üçün müraciət etsinlər. Çox təəssüflər olsun ki, biz bu halları da görürük. Yenə də deyirəm, heç bir halda icazə verilmir ki, orta məktəb dərsliyindən əlavə resurs və materiallardan istifadə olunsun. Yəni bu, yolverilməz bir haldır".

Həmidə İbrahimli