"Məktəbdə pul yığanlar yüz səbəb və bəhanə tapa bilər" - Təhsil eksperti

 14:02 06.03.2023     633

"Pul yığımını bilavasitə bayramlarla əlaqələndirmək heç də xoşagələn hal sayıla bilməz. Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm və yenə də öz mövqeyimdə qalıram. Çünki, elə il olmur ki, 8 mart ərəfəsində məktəblərdə müəllimlərə hədiyyə verilməsi yaxud pul yığılması gündəmə gətirilməsin və məsələyə münasibətdə tərəfdarlar və əleyhdarlar arasında fikirlər haçalanmasın. Halbuki, hədiyyə vermək və hədiyyə almaq üçün pul yığmaq tamamilə fərqli anlayışlardır. Cəmiyyətdə artıq  bir rəy yaranıb ki, bu kimi hallara digər peşə sahibləri tərəfindən deyil, yalnız məktəblərdə, müəllimlər tərəfindən yol verilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında sözügüdən məsələyə münasibət bildirərkən təhsil mütəxəssisi Nadir İsrafilov söylədi.

Onun sözlərinə görə, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildiyi andan etibarən dünyanın əksər ölkələrində qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümü günü kimi qeyd edilir.

Ekspert bildirdi ki, 8 Mart Sovet İttifaqından qalma bayram sayılsa da, bu ənənə artıq  qanımıza-genimizə keçib:

"Uzun illərdir ki, hər kəs fürsət bilib, anasını, bacısını, qızını, həyat yoldaşını təbrik etmək üçün bu günü səbirsizlilkə gözləyir. Qadın anadır, bacıdır, qardaşa arxadır. Qadın haqqında nələr deyilməyib, nələr yazılmayıb... “Qadın istəyəni Tanrı da istəyir”, “Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər” və s.və i.a. İldə bir dəfə də olsa qadın müəllimə də müəllim kimi yox, qadın kimi baxsaq, nə ola bilər ki? Əksiyimiz çıxacaq, yoxsa məktəblərdə təlim tərbiyə işi pozulacaq? Necə olur ki, sevdiklərini, hətta sevgililərini belə müxtəlif qiymətli hədiyyələrlə təbrik etmək olur, ömrünü öz sağlamlığı hesabına övladlarımızın təlim-tərbiyəsi yolunda xərcləyən müəllimə adi bir gül dəstəsi belə qısqanclıqla qarşılanır? Problemə çevirdiyimiz məsələnin maraqlı tərəfi odur ki, görəsən bizdən başqa digər ölkələdə də bu bayram bizdəki kimi qısqanclıqla qarşılanır, onun ətrafında bu qədər müzakirələr aparılır, mübahisələr edilir? Araya salıb, heç olmasa qonşu Rusiyanın sosial şəbəkələrini araşdırın, 8 martla bağlı qadın müəllimlərin ünvanına səmimi təbrik və xoş arzulardan başqa bir şeyə rast gəlməyəcəksiz. Ərəb, fars, italyan, fransız, yapon və digər dilləri bilənlər internetin imkanlarından yararlanıb bir göz gəzdirsinlər, bəlkə başqa ölkələrdə də bizdəkinə bənzər bir şey var...Şəxsən mənə rast gəlinməyib".

N.İsrafilovun sözlərinə görə, Roza Lüksemburq və Klara Setkin qadın azadlığı və hüquqları uğrunda özlərini fəda edəndə onların nə ağlına gəlməzdi ki, Azərbaycanda hansısa məktəbdə 8 Mart Qadınlar Gününə 50 manatdan pul yığılması təklifi "votsap qrupu"nda valideynlərlə müzakirəyə çıxarılacaq. Və bunun səs yazısı kimlərsə tərəfindən sosial şəbəkələrdə paylaşılacaq və bu ətrafda tərəfdarlar və əleyhdarlar arasında qızğın dedi-qodular başlanacaq, müəllim nüfuzu alçaldılaraq aşağılanaraq:

"Gəlin, heç olmasa ildə bir dəfə də olsa belə, 8 martda qadın müəllimə müəllim kimi yox, qadın kimi baxaq. Bəlkə də, həmin gün diqqətə və qayğıya, onu sevən və qiymətləndirən şagird və valdeynlərinin ona sayğı və ehtiram göstərməsinə ehtiyacı olan elə qadın müəllimdir. Niyə bir günlük də olsa, onu bu sevincdən və məmnunluq hissindən məhrum etməliyik? İstənilən məqsədlə məcburi pul yığlması birmənalı şəkildə yol verilməzdir.  Lakin hardasa, kimlər tərəfindənsə bu kimi halların ictimailəşdirilməsi və tirajlanması nəinki, məktəb üçün, müqəddəs və şərəfli peşə sahibi hesab etdiyimiz müəllim üçün, heç bütövlükdə cəmiyyət üçün də başucalığı deyil".

Həmidə İbrahimova