Bu gün növbəti buraxılış imtahanı keçiriləcək

 10:01 12.03.2023     956

Bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a bildirilib ki, imtahan saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb.

İmtahanda 50823 şagirdin iştirakı gözlənilir. İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

 

Qeyd edək ki, bu gün Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu, Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda təşkil edəcəyi ilk imtahandır.