“İmtahana girəndə uşaqları çox alçaldıcı şəkildə yoxlayırlar”

 11:29 14.03.2023     2884

“Uşaqlar imtahan keçirilən binaya daxil olarkən onları girişdə çox alçaldıcı şəkildə yoxlayırlar”.

Redaktor.az xəbər verir ki, bu barədə 11-ci sinifdə oxuyan və bu il buraxılış imtahanında iştirak edən şagirdin valideyni sosial şəbəkədə paylaşım edib.

Valideyn övladının imtahana girərkən yoxlanılma qaydasından şikayətlənib: “Oğlanlar və qızlar ayrı ayrılıqda məsuliyyətli şəxslər tərəfindən əl ilə toxunaraq alt paltarına kimi yoxlanırlar. Uşaqların əl ilə bütün bədən hissələrinə toxunmaq nə deməkdir? Kimin ixtiyarı var yeniyetməyə valideyni yanında olmadan əl vurmağa, alt paltarına toxunmağa, bu şəkildə alçaltmağa? Bu insan haqlarının pozulması deməkdir! Kimin ixtiyarı var bu cür kobud şəkildə uşaqlarımızın hüququnu pozsun, alçaltsın, psixoloji təzyiq göstərsin?!”

Valideyn əlavə olaraq bildirib ki, övladları İB sistemi ilə təhsil aldığından yerli sistemdən uzaq olublar: “İndiyə kimi SAT, İELTS və bu qəbildən olan çox imtahanlarda iştirak etmişik və sivil dünyanın sivil imtahanlarında heç bir stress yaşamamışıq. Bəs bizdəki bu qaydaları kim qoyur? Kim nəzarət edir? Şəffaf imtahan keçirməyin başqa yolu yoxmu? Niyə dünyadakı imtahan qaydalarından, insan hüquqlarından, yeniyetmə psixikasından, sivil sistemdən bixəbərdilər? Axı bu, təhsildir!”

Paylaşıma çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə istifadəçiləri valideynə dəstək olublar.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə "Qafqazinfo"ya bildirib ki, DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur: “Buraxılış rejimi zamanı binaya daxil olan iştirakçıların sənədlərinin həqiqiliyi elektron portalda dəqiqləşdirilərək şəxsiyyəti müəyyənləşdirilir və imtahana zidd əlavə vasitələrin (xüsusi elektron və kağız daşıyıcıların, qulaqlıqların, ötürücü qurğuların, ağıllı saatların, kəsici-deşici alətlərin, kimyəvi tərkibli zərərli maddələrin və s.) binaya keçirilməsinin qarşısının alınması üçün fiziki olaraq üstlərinin yoxlanılması həyata keçirilir. 

Yoxlamalar etik davranış qaydaları çərçivəsində aparılır. Sənəd yoxlamasından keçən xanım iştirakçılar binanın foyesində öncədən onlar üçün ayrılmış  yerlərə dəvət olunur və üst-başları xüsusi təlim keçmiş xanım əməkdaşlar tərəfindən, oğlan iştirakçıların üstləri isə daxili işlər orqanlarının peşəkar kişi əməkdaşları tərəfindən əl və ya metal detektorla yoxlanılır”.

X.Xanlarzadə əlavə olaraq qeyd edib ki, iştirakçıların bəziləri imtahana gələrkən imtahan binasına keçirilməsinə icazə verilməyən vasitələri bədənlərinin müxtəlif nahiyələrində, paltar və ya ayaqqabılarında öncədən gizlətməklə buraxılış rejimindən keçirməyə cəhd edirlər: “Təkcə 2023-cü ilin mart ayında keçirilən 11-ci siniflər üzrə buraxılış imtahanı zamanı ümumilikdə 12 şagird tərəfindən üzərində öncədən müxtəlif üsullarla gizlətməklə mobil telefon və ağıllı qurğuların binaya keçirilməsi halı müəyyən olunub, onlarla vasitənin isə keçirilməsinin qarşısı alınıb.

Son olaraq bildirmək istəyirik ki, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizim ölkədə də keçirilən kütləvi imtahanlarda tətbiq olunan buraxılış rejiminin ciddi aparılması iştirakçıların narahat edilməsi deyil, əksinə hər kəsin təhlükəsizliyinin təmin olunmasına və şəffaf imtahan mühitinin yaradılmasına xidmət edir”.