Deputatdan DİM-in ləğvini istəyənlərə ETİRAZ: "Burada çirkin niyyətlər də var"

 09:29 15.03.2023     734

"Dövlət İmtahan Mərkəzi ilə yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdur. Hətta rektor işlədiyim vaxtlarda aramızda bir məslə ilə bağlı fikir ayrılığı da olub. Ancaq son zamanlar Dövlət İmtahan Mərkəzinin hədəfə alınmasını, ləğvi ilə bağlı fikirlərin səsləndirilməsini yanlış və bir sıra hallarda məqsədli hesab edirəm".

Bu barədə Redaktor.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitunun keçmiş rektoru, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Millət vəkilinin fikrincə, hər bir qurumun fəaliyyətindən, qəbul etdiyi qərarlardan kimlərsə narazı ola bilər:

"Ancaq bu o demək deyil qurum və ya sistem ləğv edilməlidir. Hesab edirəm bu gün ölkədə fəaliyyətini ən peşəkar səviyyədə quran qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir. Əgər kimsə düşünürsə ki, bu qurumun və sistemin ləğvi ilə təhsilimiz daha ağ günə çıxacaq yanılır. Onsuz da bu gün uzun illərdir yaranmış ənənələrin mərhələli və məqsədli şəkildə pozulduğunu bir sıra hallarda müşahidə edirik".

İmtahanların çətin olması fikrinə gəldikdə isə keçmiş rektor bildirdi ki, bunun hansısa məqamda və mərhələdə çətin olması fikri nəzərdən keçirilə bilər.

"Bu gün hesab edirəm onsuz da ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq. Biz hamının ali təhsilə kütləvi gəlməsi barədə deyil, oxumağa həvəsi və potensialı olan insanların gəlməsi barədə düşünməliyik.

Valideynlərə və bizim dəyərli övladlarımıza gəldikdə isə bilməlisiniz ki, bu gün şəffaf şəkildə imtahan prosesində iştirak etdiyinz halda gələcəkdə fərqli vəziyyət və hallarla üz-üzə qala bilərik. 
Bu gün Dövlət İmtahan Mərkəzinin ləğvi, müsabiqədən kənar qəbulu dəstəkləyən insanların heç də hamısının niyyəti saf və təmiz deyil. Burada çirkin məqsəd və niyyətlər də var. Bəzilərinin buna biznes gözü ilə baxması da istisna deyil. Ona görə hissə qapılaraq total hücuma keçib kimlərinsə dərmanına su tökməyək.

Eyni zamanda hesab edirəm Dövlət İmtahan Mərkəzi də narazılıqları görməməzlikdən gəlməməli və qulaqardına vurmamalıdır. Əgər hansısa məsələdə obyektiv narazılıq varsa, bu, ciddi təhlil edilməli nəticələr ictimaiyyətə açıqlanmlıdır. Gəlin təhsilimizi qoruyaq, onun təəssübünü çəkək", - deyə Ceyun Məmmədov fikrini yekunlaşdırıb.

Turan İSMAYIL