Vətən müharibəsi qazisi direktor təyin olundu
Vətən müharibəsi qazisi Qurbanov Ceyhun Qürbət oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq Elm və Təhsil nazirinin müvafiq əmri ilə Masallı rayonu Köçəkli kənd S.Rəhimov adına tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb.
Redaktor.az xəbər verir ki, Masallı rayonu Qarğalıq kənd tam orta məktəbinin tarix müəllimi olan Qurbanov Ceyhun Qürbət oğlu Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad olunması zamanı kəşfiyyat tağım komandiri kimi bir çox mühüm tapşırıqları layiqincə yerinə yetirib.
Qubadlı rayonu uğrunda gedən son döyüşlərdə yaralanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Cəsur döyüşçü", "Cəbrayıl rayonunun azad olunması uğrunda", "Qubadlı rayonunun azad olunması uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.