Plagiat - ideya oğurluğu, yoxsa sadəcə elmi əxlaq predmeti..?

 14:38 22.03.2023     1267

"Azərbaycanda 3 il ərzində 80 elmi işdən plagiat olduğu üçün imtina edilib, elmi adların verilməsi ləğv edilib".

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev bildirib.

"Bu müddət ərzində 900 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərin elmi dərəcəsindən isə imtina olunub. Xaricdə elmi dərəcə alan 77 fəlsəfə doktorunun sənədi ölkəmizdə tanınıb, 25 nəfərin elmi dərəcəsinin tanınmasından imtina edilib. Imtinanın səbəbləri sırasında plagiat, prosedur pozuntuları, iddiaçıların bilik səviyyələrinin iddia etdikləri elmi dərəcəyə uyğun gəlməməsi, nəticələrin elmi xarakter daşımaması və s. məsələlər daxildir. Son 3 il ərzində sadalanan səbəblərə görə 600 elmi işə imtina cavabı verilib. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin adı etik qaydalar çərçivəsində açıqlanmayıb. Amma gələcəkdə komissiyanın adına xələl gətirən belə müəsissə və şəxslərin adları rəsmi saytda açıqlana bilər", - deyə o qeyd edib.

Məsələ ilə bağlı Redaktor.az-a münasibət bildirən təhsil mütəxəssisi Nadir İsrafilov deyib ki, plagiatla bağlı bu birinci açıqlama deyil və yəqin ki, heç sonuncu da olmayacaq:

"Yadımda qaldığı qədər, zaman-zaman 43, daha sonra 52 plagiat faktının aşkarlanması barədə müxtəlif xəbərlər yayılıb, məsələyə fərqli münasibətlər bildirilib. O da bəyan edilmişdi ki, Azərbaycanda Ali Attestasiya Komissi¬yasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib və bu gün Azərbaycanda milli antiplagiat sisteminin yaradılmasına da ehtiyac var. Bir müddət əvvəl isə Elm və təhsil nazıri Emin Əmrullayev də bu məsələni dilə gətirərək, bunu bizim elmi əxlaqla bağlı ciddi problemlərimiz olduğu, elm əxlaqını qorumaq üçün çox iş görülməsinə çalışmalıyıq kimi dəyərləndirmişdi. 

Göründüyü kimi, latın sözü olan “plagium”dan götürülən “oğurluq” anlamına gələn bu hal ölkəmizdə hələ ki, yüksələn xətt üzrə inkişaf edir. Baxmayaraq ki, sovet dönəmində də plagiat olub, lakin bu qədər yox...Çünki, o vaxtlar ideya oğurluğu əsasən rus mənbəələrindən edilirdisə, indi daha çox dil bilmək zərurəti digər dillərdən də yararlanıb, “faydalanmağa” münbit zəmin yaradıb.

Yəqin, plagiatla bağlı maraqlı olan tərəflərin bir çoxları xatırlamamış olmazlar ki, 90-cı  ilərin əvvəllərində Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq istefaya getdi. Bu, ölkənin 20000-dək aliminin kanslerə müraciətindən sonra baş verdi. Səbəb də bu idi ki, Quttenberqin doktorluq işində köçürmələr (plagiatlıq) vardı. Maraqlıdır ki, kansler Angela Merkelin xahişlərinə, ictimai rəyin (75 faiz) onun xeyrinə olmasına baxmayaraq, Quttenberq qərarının qəti olduğunu bildirdi, yəni öz şərəfini hər şeydən üstün tutdu. Axırda kansler məcbur olub, xidmətlərinə görə ona dərin təşəkkürlərini bildirdi və dedi: “İstefanıza görə çox üzülürəm, bununla belə, qərarınıza da hörmətlə yanaşıram”. Təbii ki, bu vəziyyətdən sonra Quttenberq Almaniyada qala bilməzdi. Ona görə də o, ABŞ-a köçdü, geri dönəcəyi isə bilinmir. Çox maraqlıdır ki, bu günədək alman mediası nə onun dəqiq ünvanını bilir, nə də onunla ünsiyyət qura bilir...

Baxın, Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq elmi işində cəmi bir necə abzas plagiat tapıldığına görə ölkə ictimaiyyətindən üzr istəyərək vəzifəsindən istefa verdi. Bundan bir neçə həftə öncə isə müdafiə etdiyi dissertasiyada 3-4 səhifə plagiatlıq aşkar edildiyinə görə Macarıstan prezidenti Pal Şmit də eyni taleyi yaşamışdı...

Plagiata ideya oğurluğu, yoxsa sadəcə elmi əxlaq predmeti kimi baxmağıımızdan asılı olmayaraq, oğurluq elə oğurluqdur, istər əşya oğurluğu olsun, istərsə də ideya oğurluğu. Oğurluq isə təkcə, etik, əxlaq məsələsi olmayıb, həm də hüquqi məsədir. Bir də ki, bizim plagiatçılar, nə alman müdafiə naziri Quttenberq, nə də macar prezidenti Pal Şmit əxlaqının sahibi deyillər.

Bu mənada nə qədər ki, vəd edildiyi kimi “komissiyanın adına xələl gətirən belə müəsissə və şəxslərin adları rəsmi şəkildə” açıqlanmayacaq, “Azərbaycanda milli antiplagiat sisteminin yaradılmasına ehtiyac” duyulmayacaq, bu kimi halların baş verməsi də bir o qədər qaçılmaz olacaq..."