"Nəsli-nəcabəti olmayandan nəslin davamçısı ola bilməz" - Nadir İsrafilovdan ETİRAZ

 12:45 30.03.2023     809

Son illər gənclərin bir qismi bayağı musiqilərə qulaq asır. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır. Elə bir müddət öncə ADU və ADNSU-nun həyətində keçirilmiş Novruz tədbirində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilib və tələbələr də hamısı bir ağızdan bunu oxuyub oynayıblar.

Bu məsələlərdə ailənin üzərinə məsuliyyət düşdüyü kimi məktəblərimizin, ali təhsil müəssisələrimizin də üstünə məsuliyyət düşür.

Bəs, gənclərin bayağı müsiqilərə meyl etməməsi üçün məktəb və universitetlərdə hansı maarifləndirici tədbirlər görmək lazımdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, musiqi - səsli, bədii obrazları gerçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin mühüm növlərindən biridir.

Onun sözlərinə görə, musiqinin insana təsirini araşdıran alimlər klassik musiqinin insana möcüzəvi təsirini müəyyən ediblər:

"Bir çox ölkələri dünyaya tanıdan onların milli musiqisi olub. Musiqi hər bir xalqın unikal identikliyini qoruyub saxlayan komponentlərdən biri kimi onun mədəni irsinin formalaşmasında mühüm rol oynayır. Demək olar ki, xalqımızın milli musiqisinin bünövrəsini təşkil edən Azərbaycan muğamını BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO bəşəriyyətin mədəni irs siyahısına daxil edib. Yeniyetmə və gənclərimizin milli musiqimizlə yanaşı Motsart, Vivaldi, Qriq, Bethoven, Șubert, Șuman kimi klasikləri dinləməsi və onların əsərlərini ifa etməsi nəinki lazımdır, hətta vacibdir. Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlarımız milli və klassik musiqi ifaları ilə Azərbaycanı dünyaya tanıdıblar. Canəli Əkbərov, Alim Qasımov kimi muğam ustadlarımiz bir çox xarici ölkələrdə dəfələrlə qastrol səfərlərində olub, milli muğamımızla xaricilərin qəlblərini fəth ediblər. Bütün bu uğurların fonunda təəssüf ki, son illər ölkəmizdə yeniyetmə və gənclərin bayağı musiqilərə meylinin artdığı açıq-aşkar hiss olunmaqdadır. Halbuki, bir xalqın musiqisinin bayağılaşması onun əsrlərlə qoruyub saxladığı mədəniyyətinin, incəsənətinin bayağılaşması deməkdir. İki universitetimizdə Novruz bayramı tədbirində tələbələrin kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamaları, sosial şəbəkələrdə bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa bilməz kimi dəyərləndirildi. Hətta, bunu “Z nəslindən ZEK nəslinə keçid” kimi qiymətləndirənlər də oldu".

Ekspertin fikrincə, aydın məsələ idi ki, şou xarakterli bu mütəşəkkil olay kim və ya kimlərsə tərəfindən təşkil olunmuşdu:

"Gözləmək olardı ki, təşkilatçı və ya təşkilatçılar üzə çıxarılacaq və islah olunacaqlar. Təəssüf ki, bu baş vermədi. Heç olmasa hər hansı bir profilaktik tədbirin həyata keçirilib keçirilməməsinin şahidi olmadıq. Halbuki, kim təminat verə bilər ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kimi təhlükəli tendensiyalar sabah və ya birisi gün də baş verməyəcək!? Yeri gəlmişkən son zamanlar Qərbdən bizə transfer olunan “Nəsillər nəzəriyyəsi”nə bizdə də maraq göstərənlərin, nəsillərin “alfa”, “beta”, “Z (zet)” kimi bölgüsünü aparanların, nəsilləri illərə xarakter və xüsusyətlərinə görə bölənlərin, bunlardan hansınasa üstünlük verib, bəraət qazandıranların sayında artım müşahidə edilməsi kimi bir təhlükəli tendensiya müşahidə olunmaqdadır. Unutmayaq ki, nəslin “alfa”, “beta”, “Z (zet)”ası olmur, nəslin əsli-nəcabəti olur. Nəsli-nəcabəti olmayandan nəslin davamçısı ola bilməz. Qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın fəsadlarına qarşı yeniyetmə və gənclərə nəsli, nəcabəti qorumaq kimi hisslərin aşılanması, nəinki məktəblərin, universitetlərin, KİV-lərin, TV-lərin vəzifəsidir, milli mənsubiyyəti olan hər kəsin mənəvi borcudur".

Həmidə İbrahimli