""Saxta diplomlu" müəllimlər sertifikasiya imtahanına buraxılmalıdır" - Kamran Əsədov

 17:30 04.04.2023     2823

Xəbər verdiyimiz kimi, diplomu dövlət nümunəli olmayan (saxta) təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov Azərbaycanda 4432 orta ümumtəhsil məktəbində 150.000 müəllimin dərs dediyini qeyd etdi.

Onun sözlərinə görə, bu müəllimlər 2009-cu ildən sonra mərkəzləşmiş qaydada keçirilən imtahanla işə qəbul olunublar:

"Amma buna baxmayaraq, orta məktəbdə çalışan və diplomu dövlət nümunəli olmayan, yəni şərti olaraq saxta diplu dediyimiz 8 minə yaxın müəllimimiz var. Biz bilirik ki, 2014-2018-ci illərdə təhsil nazirliyi müəllimlərin diaqnostik imtahanını keçirdi və həmin vaxtı "saxta diplomlu"lar imtaha buraxılmadı. Amma bununla belə, onların müəllim kimi çalışmasına icazə verildi və altı saata qədər də dərs deyə bilərdilər",- deyən ekspert bidirdi ki, bu, müəyyən qədər mübahisəli bir məsələdir.

"Biz onlara saxta diplom deməklə ağır bir ittiham irəli sürürük. Sadəcə, onların diplomu ilə bağlı bizdə hər hansı bir elektron məlumat yoxdur. Bilirsiniz ki, vaxtilə Azərbaycan Müəllimlər İnstitutu, eyni zamanda digər universitetlərdə bu tipli problemlər ortaya çıxdı. Sertifikasiya imtahanı həmin şəxslərin bilik və bacarıqlarının yoxlanılmasına imkan verir. Əgər həmin müəllimin həqiqətən də diplomu dövlət nümunəli deyilsə, bu, imtahana buraxılacaq və minimum balı toplaya bilməyəcəksə, növbəti il bir də girəcək. Bu zaman da həmin şəxsin biliyi yetərli olmasa, onla bağlanmış müqaviləyə xitam veriləcək",- K. Əsədov əlavə etdi.

Ekspert onu da vurğuladı ki, əslində sertifikasiya bizə daha yaxşı, çalışqan, üzərində işləyən müəllimləri seçməyə imkan verən bir prosesdir:

"Həmin diplomu dövlət nümunəli olmayan müəllimlər uzun müddət təhsil sistemindədirlər, müəyyən bilikləri var. Biz baxaq görək, bəlkə diplomu dövlət nümunəli  olanların bilikləri onlardan daha zəifdir. Bu, mübahisəli məsələdir.  Bu şəxsləri biz birdən-birə cəmiyyətdən kənarlaşdıra bilmərik. Onlar uzun müddət, yəni 15-20 ildirki,  müəllim kimi çalışırlar. Onlar başqa sahədə artıq işləyə bilməzlər. Təbii ki, əgər onların bilik və bacarıqları dövlətin müəyyən etdiyi standartlara uyğundursa, hesab edirəm ki, bəli, imtahanlara buraxıla bilərlər və onların nəticələrinə biz baxmalıyıq. Bəlkə digərlərinə görə nəticələr daha yaxşı olacaq. Mən düşünürəm ki, bu rəqabət bizə müəyyən mənada daha bacarıqlı müəllimləri seçməyə imkan verəcək".

Həmidə İbrahimli