"Həqiqi diplomu olanlar "şaftalı" sözünü yaza bilmirsə, onda saxta diplomlu müəllim necə yazacaq? - Deputatdan ETİRAZ

 15:54 04.04.2023     804

Xəbər verdiyimiz kimi, diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirdi ki, saxta diplomlu müəllimlərin əksəriyyəti tədrisdən ayrılıb.

Onun szölərinə görə, iki mindən çox müəllimi işdən çıxardıblar:

"Onun diplomu saxtadırsa, necə sertifikasiyaya cəlb edəcəklər? Əslində onlar saxta diplomla cəmiyyəti, valideynləri aldadıblar. Saxta diplomla dərs keçiblər. Onlar tədris üzü görməyiblər. Universitet təhsili görməyən adam necə müəllim ola bilər? Müəllimliyi saxta olan adam necə sertifikasiyadan imtahan verə bilər? İndi bu müəllimləri eləsinlər, sertifikasiyadan keçirsinlər. Onsuz da ibtidai təhsil pilləsində xeyli növbəyə duran müəllimlər var. Hələ onlar sertifikasiyadan keçənləri yerləşdirsinlər, 65 yaşı tamam olan müəllimləri yeniləri ilə əvəz etsinlər. Bu nə qədər vacib məsələdir ki, bunlar saxta diplomlu müəllimləri sertifikasiyadan keçirirlər?! Əgər həqiqi diplomu olanlar adi sözləri - anbar, şaftalı sözünü yaza bilmirsə, onda saxta diplomlu müəllim necə yazacaq? Bəs riyaziyyatdan necə imtahan verəcək? Mən bunun tərəfdarı deyiləm".

Həmidə İbrahimli