Bakıda universitetdə sualların verilməməsi narazılıq yaratdı

 15:07 10.04.2023     597

Qərbi Kaspi Universitetinin tələbələri semestr imtahanının suallarınıən verilməməsindən narazıdırlar. 

Redaktor.az xəbər verir ki, bu barədə oxu.az-a orada təhsil alan tələbələr məlumat veriblər.

Bildiriblər ki, müəllimlər onları imtahana hazırlaşmaq üçün suallar, proqramlar verməməklə hədələyirlər.

Universitetin mətbuat katibi Vüsal Məmmədov bildirib ki, sualların verilməsi tələbi heç bir sənədə, nizamnaməyə uyğun deyil:

“Tələbələrə proqram və tezislər verilir ki, onlar imtahanlara hazırlaşsınlar. Bu da sualları artıqlaması ilə əvəz edir. Tezislə sual arasında mahiyyətcə heç bir fərq yoxdur. Tələbələr bu cür şikayətlənmək əvəzinə, bir az səbirli davranıb, nəticəni gözləsinlər. Qərbi Kaspi Universitetinin yanaşması daha keyfiyyətli təhsilin təşkilinə, tədrisin müasir dövrün çağırışlarına uyğun olaraq qurulmasına və peşəkar kadrların hazırlanmasına hesablanıb”.

“Təəssüf ki, bəzi tələbələr sual davasını öyrənmək üçün yox, öyrənməmək üçün edirlər. “Şparqalka”ların hazırlanmasında ən müxtəlif fantaziyalara müraciət edən tələbələrə rast gəlirik. Belə ki, partaların üstünü, altını yazmaq, onlara nələrsə yapışdırmaq, özü ilə müxtəlif formalarda bu cür vasitələri imtahana keçirənlərlə qarşılaşırıq. Halbuki imtahanların təşkili ilə universitetin məqsədi biliklərin qiymətləndirilməsi, eyni zamanda, öz verdiyi təhsilin səviyyəsini qiymətləndirməkdir”, - deyə o qeyd edib.