"Elm və Təhsil Nazirliyi maddi maraq qarşılığında inzibati binaların köçürülməsinə göz yumur"

 18:26 14.04.2023     1020

Xəbər verildiyi kimi, Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutun əməkdaşları "Dendrologiya Bağı"nda təmir işləri aparılan zaman bütün bazanın məhv edildiyini bildiriblər. Məlumata görə, “Dendrologiya Bağı” publik hüquqi şəxs statusunu aldıqdan sonra vəziyyət o yerə gəlib çatıb ki, institutda illər boyu elmi fəaliyyətlə məşğul olan görkəmli elm əməkdaşları təhdid edilir.

Bundan başqa bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilib. Əməkdaşları narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq.

Yayılan məlumatlara görə, sözügedən institutlar yerləşdikləri ərazilərdən köçürüləcəklər. Hətta "Dendralogiya Bağı"nın bağlanacağı barədə də fikirlər səsləndirilir.

Qeyd edək ki, həm Mərdəkanda yerləşən "Dendralogiya Bağı", həm də paytaxtın mərkəzində yerləşən "Botanika bağı" kimi tanıan Mərkəzi Nəbatat Bağı öz füsunkar gözəlliyi ilə seçilirlər. Belə bir məlumatlar var ki, həmin ərazilər biznes məqsədi kimi istifadəyə veriləcək. Elə bu səbəbdən də sözügedən elm mərkəzlərini başqa yerə köçürmək planlaşdırılır.

Bəs, bu institutların köçürülməsinin əsl səbəbi nədir? Köçürülmə hansı zərurətdən irəli gəlir? Doğrudanmı bu bağlar biznes məqsədilə kiməsə pul qarşılığnda satılıb?

Məsələ ilə bağlı öncə Elm və Təhsil Nazirliyinə sorğu göndərdik.

Cavab olaraq bildirildi ki, məsələ nazirliyinin nəzarətindədir:

"Dendrologiya İnstitutunun hüquqi statusuna edilən müvafiq dəyişiklikdən sonra qurumun bütün əmədaşlarının əməkhaqqıları vaxtında ödənilir. Dendrologiya İnstitutuna yeni ərazinin ayrılması Nazirlik tərəfindən hazırda müzakirə olunur və yaxın vaxtda problem həllini tapacaqdır" - deyə Elm və Təhsil Nazirliyindən bildirildi.

Həmin ərazilərin biznes məqsədi kimi istifadəyə verilib-verilməyəcəyi sualına isə nazirlikdən cavab verilmədi.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, ölkə prezidentinin sərəncamına əsasən Elmlər Akademiyasının strukturunda və Elm və Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilib.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri elm və təhsil arasında əlaqənin qurulması, eyni zamanda elmin idarə olunmasının optimallaşması idi:

"Amma biz baxanda görürük ki, artıq bir ilə yaxın bir vaxt keçib. Elm və Təhsil Nazirliyində elmin inkişafı bağlı, eyni zamanda vaxtı ilə Milli Elmlər Akademiyasına tabe olan indi isə Elm və Təhsil Nazirliyinə keçən institutların perspektivli inkişaf planı ümumiyyətlə yoxdur. Ümumiyyətlə, Elm və Təhsil Nazirliyinin Azərbaycanda elmlə bağlı anlayışı, hər hansı bir strategiyası, hər hansı bir inkişaf planı çox təəssüf ki, indiyə qədər hazırlanmayıb. Bildiyiniz kimi, Milli Elmlər Akademiyasının nəzdində kifayət qədər institutlar var idi və onların bir çoxu bir binada yerləşir. Yəni bir binada bir neçə institutlar yerləşirdi. Məhz vaxtilə Milli Elmlər Akademiyasının institutlarının yerləşdiyi binalar, ərazilər kifayət qədər Bakı üçün əhəmiyyətli, mənzərəli yerdir. 

Elm və Təhsil Nazirliyi çox təəssüflər olsun ki, maddi maraq qarşılığında bir sıra inzibati binaların özəlləşməsinə, köçürülməsinə göz yumur. Hətta biz Botanika bağı ilə bağlı bunların hər birini görürük. Hesab edirəm ki, bu yaxşı addım deyil. Çünki bu, Azərbaycanda onsuz da son nəfəsini yaşayan elmin demək olar ki, ölüm hökmünü verməkdən başqa bir şey deyil".

K.Əsədov hesab edir ki, heç bir halda elmi kiminsə kommersiya maraqlarına qurban vermək olmaz.

"Fikirmcə, bu, yaxşı hal deyil. Çünki orada işləyən işçilərin kifayət qədər yaşları çoxdur. Onlar həyatlarını Azərbaycanda həmin sahənin inkişafına həsr etmiş insanlardırlar. Sadəcə, indi Elm və Təhsil Nazirliyi onların nə işlə məşğul olduğunu bilmirlər. Yəni bu institutların məqsədindən xəbərsizdirlər. Elə bilirlər ki, əhəmiyyətli deyil. Bunlar kifayət qədər ciddi sahələrdir. Hesab edirəm ki, onlar hal-hazırda olduqları yerdə qalmalıdırlar. Çünki insanlar uzun illər orada çalışıblar, artıq həmin əraziyə öyrəşiblər. Eyni zamanda, vaxtilə sovetlər dönəmində də o ərazilər ona görə seçilib ki, tədqiqat işlərinin aparılması hava, məkan olaraq ən uyğun yerlərdən biridir. Hesab edirəm ki, bu addım atılmamalıdır. Yəni bu, heç də yaxşı nəticələnməyəcək" - deyə təhsil eksperti vurğuladı.

Həmidə İbrahimli