Bakıda məktəb şağirdləri kütləvi zəhərləndi - YENİLƏNİB

 20:05 18.04.2023     647

Bakı şəhəri 149 nömrəli məktəbin xəstəxanaya yerləşdirilən şagirdlərinin son durumu açıqlanıb.

TƏBİB-dən Redaktor.az-a bildirilib ki, şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları çağırış ünvanına cəlb edilib:

“Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (səkkizi qız, yeddi oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Doqquz nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda altı nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

149 nömrəli məktəbdən halı pisləşən şagirdlərin sayının 16 olduğu bildirilib.

***

Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Redaktor.az  xəbər verir ki, şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.

Məktəbdən APA-ya bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:

“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”.

Məsələ ilə bağlı Xəzər Rayon Polis Şöbəsində araşdırma aparılır.