ADU-da ABŞ-ın nümayəndə heyəti ilə görüş keçirildi - FOTO
Aprelin 18-də Azərbaycan Dillər Universitetində ABŞ Dövlət Departamentinin Amerika Məkanlarının Regional İctimai Əlaqələr üzrə mütəxəssisi Şeyla Veirlə və ABŞ Səfirliyinin Mədəniyyət üzrə Attaşesı Hacı Salman ilə görüş keçirilib.
Redaktor.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. ADU-nun Bakı Amerika Mərkəzinin əsas mərkəzlərdən biri olduğunu bildirən akademik Kamal Abdulla, eyni zamanda universitetdə fəaliyyət göstərən digər dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib.
Qeyd olunub ki, mərkəzlərin tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdədir, həmçinin bu mərkəzlərin tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıqdır. Tələbələrin Amerika üslubunu rahatlıqla qəbul etdiyini deyən universitet rəhbəri ADU Amerika Mərkəzinin zəngin kitabxana və internet bazasından müəllim və tələbələrin, həmçinin digər maraqlı şəxslərin səmərəli şəkildə bəhrələndiklərini diqqətə çatdırıb:
“Universitetimizdə Avropa dilləri ilə yanaşı yapon, Koreya, İndoneziya, Çin, ərəb, türk, sankrit və s. dillər də tədris olunur. Mərkəzlərimizin qapıları təkcə universitetimizə yox, geniş kütləyə də açıqdır və bu bizi sevindirir. Beynəlxalq əlaqələrimiz bizə geniş imkamlar yaradır və bu imkanlar həm elmi, həm də mədəni mübadilənin əhəmiyyətini təqdim etmiş olur. Əminəm ki, Bakı Amerika Mərkəzi bundan sonra da həm müəllimlərimiz, həm də tələbələrimiz üçün faydalı işlərə imza atacaq”.
Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən qonaqlar ADU ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, universitetlər arasında mübadilə proqramlarının qurulması önəmlidir. Bildirilib ki, cəmiyyətlərin inkişafında Amerika Mərkəzlərinin təsir imkanları böyükdür:
“Amerika Mərkəzləri olaraq cəmiyyətlərin inkişafında həm mədəni, həm də intellektual olaraq dəstək olmaq istəyirik. Bu 15 ildə Amerika Mərkəzləri çox inkişaf edib, uzun yol qət edib. Bu illər ərzində priorotetlərimiz dəyişsə də, bizim ictimaiyyət üçün daima açıq olmağımız dəyişməz olaraq qalıb. İcma mərkəzi olaraq hamıya əlçatanlığımız təmin olunur. Bu da bizim işimizin əsas qayələrindən biridir”.
Görüş gələcək layihələrin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam edib.