Kolleclərə sənəd qəbulu bu gün başa çatır

 09:47 25.04.2023     432

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 17:00-dək aparılacaq.

Bu barədə Redaktor.az-a DİM-dən bildirilib.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

şəhid ailəsinin üzvləri;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

məcburi köçkün statusu olan şəxslər;

I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə elanın tam mətnində tanış ola bilərsiniz.