DİM imtahan verən şəxslərə MÜRACİƏT ETDİ
Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını tələb olunan imtahan qaydaları ilə tanış olmağa və onlara tam riayət etməyə çağırıb.
Qurumdan Redaktor.az-a verilən məlumata görə, mərkəzin keçirdiyi imtahanlarda diqqət yetirilən vacib məqamlardan biri də imtahan prosesinin Nazirlər Kabineti tərəfindən qəbul olunan müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil olunmasını təmin etməkdir.
Bildirilib ki, bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən məhz ədalətli seçimin təmin edilməsinə yönəldilir.
"Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər müxtəlif qeyri-qanuni üsullardan istifadə etməklə imtahanlarda müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır", - mərkəzdən vurğulanıb.
Bildirilib ki, bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir: "Bunlardan ən əsası imtahana mobil telefon və digər rabitə vasitələri gətirməyə cəhd göstərilməsidir. Bu bütün imtahan qaydalarında iştirakçıların yol verməsi qadağan olunan hərəkətlər bəndində “imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək” məzmununda öz əksini tapıb. Bu qaydalardan çıxarışlar imtahan iştirakçısının “Yaddaş kitabçasında” və “İmtahana buraxılış vərəqəsi”ndə də göstərilir.
Lakin son zamanlar təəccüblü də olsa, sosial şəbəkələrdə, eləcə də müxtəlif media vasitələrində qayda pozuntularına yol verən imtahan iştirakçılarının hərəkətlərinə sanki bəraət qazandırılması, onların qeyri-qanuni davranışlarının təbliğ olunması yönündə kampaniya aparılmasını müşahidə edirik. Aprelin 16-da keçirilən buraxılış imtahanında imtahan zalında (binanın girişində deyil) bir nəfərin üzərində mobil telefon aşkarlanması halına reaksiyaları izlədikcə buna bir daha əmin oluruq. Halbuki əksinə olmalı və ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələri şəxsi tanışlıq və münasibətləri kənara qoyub öz maarifləndirmə funksiyasını yerinə yetirməli idi.
Məlumdur ki, bütün imtahanlarda buraxılış rejimi zamanı imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısını almaq məqsədilə yoxlama aparılır (Yeri gəlmişkən bir müddət əvvəl media və sosial şəbəkələrdə yoxlama prosesinin əleyhinə təbliğat aparılırdı. Paradoksal olsa da, indi həmin insanlar girişdə üst-başın niyə dəqiq yoxlanılmadığı sualını səsləndirirlər). Bundan öncə sənədlərin yoxlanılması zamanı da şifahi olaraq iştirakçıdan üzərində mobil telefon və ya digər elektron cihazların olub-olmaması soruşulur. Ümumiyyətlə, hamı yoxlama prosesi haqqında əvvəlcədən məlumatlı olur və bunun nəyə görə həyata keçirilməsini çox yaxşı bilir. Belə olan halda sizin təsadüfən cibinizdə mobil telefon olması və bundan xəbərsiz olmanızı iddia etmək nə dərəcədə inandırıcıdır?! Yol boyu siz əlinizi cibinizə salmırsınızmı və ya müəyyən bir çəkiyə və həcmə malik olan telefonu hiss etmirsinizmi? Ən azı üzərinizin yoxlanıldığı kabinaya daxil olanda bir ciblərimə baxım fikri yadınıza düşmürmü? Bu tip suallar saysız-hesabsızdır və hər hansı izahedici cavab verməyə çalışmaq sizi məsuliyyətli olmaq və qaydalara riayət etmək öhdəliyindən azad etmir.
Sual oluna bilər ki, yoxlama prosesində bunu aşkar etmək niyə mümkün olmayıb? Təəssüflə bildiririk ki, bəzən imtahan iştirakçıları qadağan olunmuş vasitələri bədənlərinin müxtəlif yerlərində gizlədirlər və binanın girişində yalnız səthi toxunmaqla yoxlama aparıldığı üçün onları müəyyən etmək heç də həmişə mümkün olmur. Bəzən də iştirakçılar hansı binada imtahan verdiyini əvvəlcədən bildiyi üçün bir neçə gün əvvəl ora gəlib mobil telefonu binanın içində gizlədirlər.
Lakin imtahan müddətində kimsə telefondan istifadəyə cəhd etdikdə təbii ki, nəzarətçilər bunu aşkar edirlər və həmin şəxslər imtahandan xaric olunurlar (hər imtahanda maarifləndirmə məqsədilə bununla bağlı xüsusi məlumatlar veririk). Bəzən isə imtahan başlamadan öncə təlimat zamanı iştirakçı hiss edir ki, nəzarətçi daha ayıq-sayıqdır və telefondan istifadə etmək mümkün olmayacaq. Həmçinin onda psixoloji olaraq üzərindəki qadağan olunmuş vasitədən qurtulmaq refleksi yaranır. Belə olan hallarda iştirakçı özü təşəbbüs göstərir və telefonu təhvil verir. DİM (TQDK) 30 ildən artıq bir müddətdir ki, kütləvi imtahanlar keçirir və bu tip hadisələr birinci dəfə baş vermir. Yaxşı bəs nəzarətçi köçürməyə şərait yaratsa (təəssüf ki, az da olsa, belə hallara da rast gəlirik) və ya onun diqqətindən yayınıb mobil telefondan istifadə etməklə rəqiblərinizə qarşı süni üstünlük əldə etsəniz, ədalətli olarmı? Təsəvvür edin hamıya şərait yaradılır və iştirakçılar telefonu təhvil verib-verməməklə bağlı özləri vəziyyətə uyğun qərar verirlər (halbuki girişdə bu onlara təklif edilir və özü təhvil verənlər imtahandan kənarlaşdırılmırlar). Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini əvvəlcədən proqnoz etmək çətin olmamalıdır. Bu zaman biz hamı üçün bərabər imtahan mühiti yarada bilərikmi?".
DİM-dən qeyd olunub ki, ictimaiyyət, o cümlədən indiki halda media nümayəndələri də imtahanla bağlı vacib bir nüansı diqqətdən qaçırırlar: "İmtahanın məqsədi nədir? Onun nəticələri hansı hüquqi qüvvəyə malikdir?
Dövlət İmtahan Mərkəzinin keçirdiyi əksər imtahanlar müsabiqə xarakteri daşıyır və bizdən insanları öz bilik səviyyələrinə uyğun seçmək tələb olunur. Yəni siz bu imtahanların nəticəsinə əsasən kollecə və ya ali təhsil müəssisəsinə və s. qəbul olunursunuz. Dolayısıyla siz bir-birinizin rəqibisiniz. Bu zaman bizim üzərimizə düşən nədir? Bəli, yuxarıda qeyd olunduğu kimi, şəffaf imtahan mühiti yaratmaq və sırf biliyə əsaslanan ədalətli seçimi təmin etmək, bilik qiymətləndirilir prinsipini rəhbər tutmaqla rəqabət mühitini qoruyub saxlamaq.
Ancaq insanlar bilməyərəkdən, müəyyən hallarda isə bilərəkdən buna etiraz edirlər. Sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində baş verən neqativ hallarla bağlı kiməsə güzəşt edilməli olduğu əmin şəkildə tələb edilir. Düzdür imtahan qaydalarının hamıya eyni dərəcədə şamil olunduğunu yazanlar da var, amma çoxluq “mən hansısa sujetə baxdım inandım” prinsipi ilə güzəşt istəyirlər. Halbuki bu halda baş verən hadisəyə göz yumulması başqa birinin haqqını tapdalayır, başqa birinin hüquqlarını pozur kimi sadə həqiqətin dərk olunması lazımdır.
Yeri gəlmişkən qeyd olunan məsələ ilə bağlı imtahan iştirakçısının valideynləri Dövlət İmtahan Mərkəzində olublar və qaydalar onlara da izah olunub. Lakin görünür onlar bu vəziyyətdə valideyn kimi övladları ilə bağlı üzərlərini düşən öhdəliyi lazımi şəkildə qiymətləndirməyi bacarmayıblar və hətta bu hadisəni daha da dramatikləşdirən film çəkilməsini sifariş ediblər. İnsanlar isə hadisənin mahiyyətinə varmadan bunu tirajlayırlar. Burada bizim cəmiyyətə xas olan yaxşı insan olmaq xüsusiyyəti də rol oynamamış deyil. Ancaq fransız yazıçısı Viktor Hüqonun “Yaxşı insan olmaq asandır, çətin olan ədalətli insan olmaqdır” fikrini də xatırlatmaq yerinə düşər.
Bəli, çətin də olsa, ədalətli olmalıyıq!
Təşkil edilən imtahanların məqsədi iştirakçıların bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsidir. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, iştirakçıların tam təhlükəsiz və bərabər şəraitdə imtahan verməsi təmin olunacaqdır.
Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir".
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi şagirdin təhsil sənədinə yazılır. Lakin qaydalara əsasən bu imtahandan neçə bal toplamağınızdan asılı olmayaraq şagirdin 10-cu sinifdə təhsil almaq hüququ məhdudlaşdırılmır. Müvafiq qayda pozuntusu halında imtahan iştirakçısının yalnız 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq imkanı itirilmiş olur.