“Məleykə Abbaszadənin buraxılış imtahanlarını tezləşdirməsi repetitor təhsilini gücləndirir” - Deputat

 17:25 27.04.2023     1604

Zaman-zaman insanlar arasında məktəblərdə keçirilən dərslərlə bağlı narazılıqlar yaranır. Valideynlər bildirir ki, dərslər bilərək zəif keçirilir ki, uşaqlar repetitor yanına getsin. Həmçinin bəzi müəllimlər şagirdlər hazırlıq üçün gəlsin deyə aşağı qiymət yazır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev bildirdi ki, bu, köhnənin mövzusudur və artıq bütün məktəbləri bürüyüb. Onun sözlərinə görə, əksər məktəblərdə vəziyyət belədir:

"Əksər məktəblərdə 45 dəqiqə vaxtın tez keçməsinə çalışırlar ki, əlavə gəlir kimi repetitorluq eləsinlər. Amma bu, qətiyyən belə olmamalıdır və digər tərəfdən isə biz dəfələrlə bu məsələni qaldırırıq ki, 10-11-ci siniflərdə çox ciddi seyrəlmələr var. Uşaqların demək olar ki, 60 faizi dərslərə gəlmir. Bunun çox ağır fəsadları olacaq. Uşaqlar təkcə məktəbdə müəyyən proqramlar üzrə bilik almırlar, həm onların fiziki hazırlığı həyata keçirilir, həm də orada tərbiyə olunurlar. Ona görə də bu, repetitorluğun vurduğu ağır zərbədir.”

Deputat qeyd etdi ki, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) və Elm və Təhsil Nazirliyinin rəhbərliyi çalışmalıdır ki, uşaqları məktəbə qaytarsın.

“Uşaqları məktəbə qaytarmaq lazımdır, çünki qeyd etdiyim digər komponentlər, yəni fiziki hazırlıqsız, sosiallaşmasız təhsili təsvir etmək mümkün deyil. Buna baxmayaraq, repetitor xidməti get-gedə dərinləşir. Burada başqa bir mühüm faktı deyim ki, Məleykə Abbaszadənin (DİM-in sədri - red.) buraxılış imtahanlarını tezləşdirməsi də repetitor təhsilini gücləndirir. Bu, çox ciddi faktordur. Çünki zaman azaldıqca daha intensiv hazırlıq tələb olunur ki, qəbul imtahanlarında müvafiq nəticələr göstərilsin".

Etibar Əliyev həmçinin bildirdi ki, valideynlər gəlirlərinin böyük hissəsini uşaqların geyiminə, qidalanmasına xərcləməlidirlər.

"Onlar qazandığı pulun 70-80 faizini əlavə təhsilə verə bilməz. Bu, uşaqların sağlam böyüməsinə, sosiallaşmasına, tərbiyəsinə təsir göstərir. Təhsilə dövlət kifayət qədər vəsait xərcləyir. Müəllimlərin əmək haqlarında da irəliyə doğru müəyyən dəyişikliklər var. Mən düşünürəm ki, müəyyən addımlar atmağa gecikmişik, amma atmağın vaxtı gəlib çatıb”, - deyə deputat fikrini tamamladı.

Arzu İSMAYIL