"Müəllimlər tədrisin keyfiyyətini yüksək keçmirlər ki..." - Kamran Əsədov

 19:44 27.04.2023     1666

"Repititorluğu doğuran bir neçə səbəb var. Birinci səbəb təbii ki, obyektiv səbəbdir, yəni müəllimlər tədrisin keyfiyyətini yüksək keçmirlər ki, onların yanına repetitor olaraq müraciət olunsun".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov dedi.

"İkinci bir məqam odur ki, hal hazırda, məsələn, bizim 4432 məktəbdə 1,6 milyon şagird var və xüsusən Bakı və digər iri şəhərlərdə sinifdə şagird sayı 35-dən çoxdur və hətta bəzi ərazilərdə 50-dir. Birmənalı şəkildə 45 dəqiqə ərzində keyfiyyətli dərs keçmək mümkün deyil. Şagird sıxlığı da bu keyfiyyətə öz təsirini göstərir. Üçüncü səbəb dərsliklərdir. Bu günlərdə yazılan dərsliklər bizim şagirdlərimizin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Çox ağır dərsliklərdir. Eyni zamanda bizim qəbul imtahanlarımız, yəni siz 11-ci sinifdə oxuyanda sizin beşinci, altıncı sinifdə əldə etdiyiniz biliklər yoxlanılır və təbii ki, bu sizin yadınızdan çıxıb və birmənalı olaraq repetitora müraciət edirsiniz ki, həmin bilikləri müəyyən qədər təkrarlayasız” - deyə o, bildirdi.

Kamran Əsədov bildirdi ki, burada tədrisin idarə olunması ilə bağlı da problemlər var. Ekspert hesab edir ki, birtərəfli olaraq müəllimləri günahlandırmaq olmaz:

"Hər bir amilin özü məhz repetitorluğa və reptitor fəaliyyətinə təsir göstərir. Amma repetitorluğun mövcudluğu təkcə ali məktəblərlə bağlı deyil, magistratura pilləsinə, dövlət qulluğuna və işə qəbul imtahanında da var, hər biri ilə bağlıdır. Bir pillədən digər pilləyə keçid üçün mütləq şəkildə repetitor yanına müraciət edilməlidir. Bu onu göstərir ki, həmin müsabiqələr və müsahibələr kifayət qədər çətindir. Ona görə də iştirakçılar repetitora müraciət edirlər”.

Arzu İSMAYIL