Bağça əməkdaşları da sertifikatlaşdırmadan keçəcək

 10:04 28.04.2023     1822

Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlər sertifikatlaşdırmadan keçəcək.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək.

Bununla belə, dövlət məktəbəqədər təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər.

Eyni zamanda hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçməyəcəklər.

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Bununla əlaqədar “Məktəbəqədər təhsil haqqında” qanuna da müvafiq dəyişikliklər edilir. “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir. Təklif olunan dəyişikliyə əsasən, sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçiriləcək.