Deputatlardan təhsil nazirinin dərsə gəlməyən şagirdlərlə bağlı açıqlamasına REAKSİYA

 13:52 28.04.2023     934

Xəbər verdiyimiz kimi, ötən gün elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı buraxılış siniflərin davamiyyətinin aşağı olduğunu söyləyib.

"11-ci siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar məktəbə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir", - deyə nazir bildirib.

Bəs, şagirdlərdə məktəbə gəlməyə maraq yaratmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Redaktor.az-a danışıb.

Deputat bildirdi ki, nazir bu faktı gec söyləyirsə, yaxşı hal deyil:

"İllərin problemidir ki, 10-11-ci siniflərin dərslərdə davamiyyəti çox aşağıdır. Bunu nazir özü də bilir, ancaq heç bir tədbir görə bilmirlər. Bir tərəfdən Dövlət İmtahan Mərkəzi imtahanları önə çəkir, bu da məktəblilərin dərsə getməmələri üçün zərurət yaradır. Maraq məktəbdəki təhsilin keyfiyyəti olmalıdır. Müəllim dərsi o qədər keyfiyyətli tədris etməlidir ki, yuxarı sinif şagirdlərinin kurslara, repetitorlara müraciətinə ehtiyac qalmasın. Məktəb təhsilinin keyfiyyəti çox aşağı səviyyədədir. Müəllimlər özünü repetitor xidmətindən daha yaxşı hiss edir. Məktəbdə 45 dəqiqəlik dərsi başdansovdu keçirlər. Məktəblilərdən dərs soruşmaqdan, dərsi izah etməkdən yayınırlar. Ciddi monitorinqlər aparılmalıdır. Niyə uşaqlar dərsdən yayınmalıdır? Niyə dərs vaxtı kursda, repetitor yanında olmalıdır? Bu problemlərin həlli tapılmalıdır".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov isə bildirdi ki, nazir marağın nədən ibarət olduğuna özü aydınlıq gətirsə daha yaxşı olar.

"Azərbaycan məktəblərində 10-11-ci siniflər arasında davamiyyətin aşağı olması hər zaman müşahidə olunur. Bunun da əsas kökü repetitorluqdur. Təhsili məktəblərə qaytarmaq istəyiriksə, məktəblərimizdə təshilin keyfiyyəti və məzmunu artırılmalıdır. Bu olmadan şagirdlərdə maraq yarada bilmiyəcəyik. Əgər məktəbə gedib, istdəiyim biliyi ala bilmirəmsə, məktəbin verdiyi biliklə ali məktəbədə qəbul ola bilmirəmsə, məktəbə təbii ki, getməyəcəm. Məktəb öz funksiyasını, rolunu düzgün yerinə yetirməlidir. Repetitorluq bu gün Azərbaycan təhsilinə böyük zərbədir. Məsələni qaldıranda deyirlər ki, repetitorluq dünyanın hər yerində var. Amma heç bir ölkədə repetitorluq bu qədər kütləvi hal almayıb. Məktəblərdə məzmun və keyfiyyət artırılandan sonra bu haqda düşünə və danışa bilərik. İndiki halda 11-ci siniflər üçün məktəb maraqlı deyil", - deyə millət vəkili qeyd etdi.

Humay İSGƏNDƏRLİ