Rezidenturaya qeydiyyat başa çatır

 10:29 01.05.2023     254

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a-a bildirilib ki, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytında “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) müvafiq hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları DİM-in saytında yerləşdirilib.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını dolduraraq təsdiq edə bilər. DİM ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırırıq ki, SQK-lar saat 17:00-dək fəaliyyət göstərirlər.

Mayın 1-i may saat 09:10-a olan məlumata əsasən 1774 namizəd (Azərbaycan bölməsi - 1400; rus bölməsi – 374) imtahana yazılıb.

1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

2. Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı, N 1, 2023, səhifə 2).

3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra tələb olunan sənədləri SQK-ya (Bakı şəhəri, Həsən Əliyev küçəsi 299) təqdim etməklə qeydiyyatdan keçdikdən sonra buraxılacaqlar.

4. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.