"Elm və Təhsil Nazirliyi məktəb bufetlərində uşaqları zəhərləyir, idman zallarında öldürür" - Kamran Əsədov

 14:53 02.05.2023     638

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilov keçirdiyi sambo məşqləri zamanı 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək onun ölümünə səbəb olub. Hadisənin baş verdiyi məktəbdən saytımıza bildirilib ki, Mehman Xəlilov məktəbin müəllimi deyil.

Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda isə qeyd olunub ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. "Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb", - nazirlikdən bildirilib.

Bəs, məktəbin idman zalında məktəbə aid olmayan şəxslərin məşq keçməsi, idman zalının icarəyə verilməsi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov söylədi ki, maddi-maraq ucbatından məktəblərdə bufetlər və zallar icarəyə verilir.

Ekspert dedi ki, Elm və Təhsil Nazirliyi idman zallarını, bufetləri bu sahə üzrə mütəxəssis olmayan şəxslərə icarəyə verirlər:

"Bu gün Elm və Təhsil nazirliyi yalnız öz cibini düşünür. Uşaqlarımızın sağlamlığı, gələcəyi, təhlükəsizliyi nazirlik üçün maraqlı deyil. Baş verən bədbəxt hadisədir, hər birimizin azyaşlı övladı var, çox üzülürük. Elm və Təhsil Nazirliyi məktəb bufetlərində uşaqları zəhərləyir, idman zallarında öldürür. Yerli idman zallarında belə təhlükəsizlik qaydaları yoxlanılmalı, lisenziyalaşma aparılmalıdır. Nazirliyin məktəbində bu cür hadisə baş verir. Onlar nə düşünürlər? Sərin kabinetdə, yumşaq yerdə oturub pul yığmaqla məşğuldurlar. İcarəyə verilmə prosesi regional idarələr tərəfindən həyata keçirlir, direktorun burada rolu yoxdur. Amma direktorun ümumi nəzarəti olmalı idi".

Qeyd edək ki, müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Sumqayıt Şəhər Məhkəməsi Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Humay İSGƏNDƏRLİ