"Müəllimlərə qarşı amansızlığı yavaş-yavaş yumşaldırlar" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.
Bu, Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bəs, bu addımın təhsilə nə kimi təsirləri olacaq?
Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a dedi ki, bu, qanuna edilmiş müsbət dəyişiklikdir:
"Narazılıqlar var idi ki, 60 yaşdan yuxarı müəllimin imtahana cəlb olunması düzgün bir şey deyil. Yaşlı müəllimlərin sosial müdafiəsinə, müəllim kim fəaliyyətinə müsbət təsir göstərəcək. Komitə iclasında da vurğulamışdım ki, bu proseslərə parallel olaraq təhsilimizi gücləndirməliyik. Bu gün universitetlərimiz normal mütəxəssis yetişdirə bilmir. Normal mütəxəssis yetişdirilsə, sertifikatlaşdırmaya da ehtiyac qalmaz. Universitet normal dərs keçmir, sonra sertifikasiyada yoxlayırıq ki, görək bilik səviyyəsi necədir. Mütəxəssisi biz yetişdiririk, həm də biliyini yoxluyuruq. Problem də burda yaranır ki, müəllimi də, həkimi də sertifikasiyadan keçirməliyik. Ali təhsil məktəblərində universitetin mahiyyəti, keyfiyyəti artırılmalıdır".
Professor, təhsil eksperti Şahlar Əsgərov söylədi ki, bu addımı yumaşlma olaraq dəyərləndirir:
"Müəllimlərə qarşı olan bu amansızlığı yavaş-yavaş yumşaldırlar. Amma hazırda təhsilin əsas mövzusu bu deyil. Gündəmdə olan başqa mövzular var".
Humay İSGƏNDƏRLİ