"Elm və Təhsil Nazirliyi qanunvericiliyin tələbini pozur" - Ekspertdən ETİRAZ

 15:48 05.05.2023     5524

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirdi ki, bağçalardakı 5800 müvafiq ixtisas sənədi olmayan tərbiyəçi-müəllim işdən azad olunmayacaq.

"5800 tərbiyəçi-müəllimin müvafiq ixtisas sənədi olmadan işləməsi 20-30 il ərzində baş verən prosesdir",- deyə nazir qeyd edib.

Maraqlıdır, müvafiq ixtisasla bağlı diplomu olmayanların çalışması nə qədər doğrudur?

Təhsil eksperti Kamran Əsədov bununla bağlı fikirlərini Redaktor.az-la bölüşüb.

Ekspert qeyd etdi ki, hazırda ölkəmizdə 1693 körpələr evi və uşaq bağçası fəaliyyət göstərir və 18000 işçi çalışır:

"2011-ci ildə prezidentin sərəncamı ilə uşaq bağçası və körpələr evi icra hakimiyyətlərinə verildi. Burada əsas məqsəd infrastrukturu yaxşılaşdırmaq, idarə edtmədə mobilliyi təmin etmək idi. 10 il ərzində icra hakmiyyətlərinin balansında qaldı, hər hansı inkişafı görə bilmədik. Uşaqların bağçaya qəbulu, işçilərin hər hansı müsabiqə və müsahibə olmadan işə qəbulu kimi problemlər var idi. Ölkə başçısının 2021-ci ilin növbəti sərəncamına əsasən uşaq bağçaları yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Bu istiqamətdə dəyişikliklər baş verdi".

K.Əsədovun sözlərinə görə, "Məktəbəqədər təhsil haqqında" qanunun tələblərinə əsasən uşaq bağçaları və körpələr evində mütləq şəkildə ali və orta ixtisas təhsili olan şəxlər çalışa bilərlər.

"Hazırda uşaq bağçaları və körpələr evində diplomu olmayanlar çalışır, Elm və Təhsil Nazirliyi qanunvericiliyin tələbini pozur. Həm işə qəbul zamanı, həm də işdən azad olunma zamanı Əmək Məcəlləsinə əməl olunmalıdır. Əmək Məcəlləsinin 65-ci və 139-cu maddəsinin tələblərinə əsasən Elm və Təhsil Nazirliyinin atmağa çalışdığı addım qanunvericiliyin tələbinə uyğun deyil. Çünki 2017-ci ildə işə qəbul olan şəxsin işdən azad olunması üçün 2017-ci ilin qanununa əsaslanmırlar, qanunun geriyə dönüşü yoxdur. Nazirliyin bu addımı yanlışdır",- deyə K.Əsədov vurğuladı.

Humay İSGƏNDƏRLİ