"Təhsildə 15-20 il böyük vəzifə tutanlar çox pis örnək olublar" - Deputat
"Təhsil sistemimizdə uzun illər böyük vəzifə tutmuş bir qisim adamlar xeyli aktivləşiblər".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin elm və təhsil komitəsinin üzvü deputat Etibar Əliyev zamanında təhsil sahəsində çalışmış şəxslərin hazırda təhsildəki rolunu şərh edərkən qeyd edib.
Deputat bildirib ki, həmin şəxslər təhsillə bağlı təkliflər verirlər, yollar göstərirlər:
"Bu adamlara vaxtilə islahat aparmaq, yararlı işlər görmək üçün kifayət qədər şərait yaradılıb. Maliyyə imkanları da yetərli səviyyədə idi. Lakin pis əməllər və savadsızlıq inkişafın qarşısını aldı. Köhnələr yenilərin səriştəsizliyindənmi bəhrələnirlər? Bu amil var və bunu inkar etmək qeyri-mümkündür. İndiki cavanların çoxu təhsili bilmir. Yaşlılar isə zamanın sürətlə dəyişən paradiqmalarından xəbərsizdirlər. Təhsildə 15-20 il böyük vəzifə tutanlar çox pis örnək olublar. 2500-dən çox saxta diplomlu müəllim, bütün Dövlət Proqramlarının korrupsiyaya yönəlməsi, rüsvayçı dərslik siyasəti, minlərlə saxta diplomlulara şəhadətnamələrin verilməsi, universitetlərin şəxsi ambisiyalarla idarə olunması və s. Bütün bu yaramaz işləri unutdurmağa çalışırlar. Axı bunlar millətə və dövlətə vurulan zərbələrdir".
E.Əliyev əlavə edib ki, bu məsələdə iki nəslin bir araya gəlməsinin tərəfdarıdır:
"Lakin bu həmrəylik təhsilimizə nəsə verəcəkmi? Optimist olmaq mümkün deyil. Axı nəyi müzakirə edəcəklər? Yaşlılar həm də təhsil sahəsində ictimai rəyi çaşdırırlar. Məncə bunun qarşısı alınmalıdır. Özlərini elə aparırlar ki, sanki təfəkkürlərində sıçrayışlı dəyişiklik baş verib. Onların düşüncəmə görə heç nə dəyişməyib, həmin paslı təfəkkürdür. Həm də təhlükə yaradan və ictimai rəyi çaşdıran prosesdir".
Humay İSGƏNDƏRLİ