Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı
Bu gün saat 11:00-dan etibarən şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib.
Elm və Təhsil Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, namizədlər 17 may saat 11:00-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq.
Müsabiqənin yazılı mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə 50 faiz nəticə əldə edənlər müsahibə mərhələsinə buraxılacaqlar.