"Dünyada ən çox imtahan keçirilən təhsil sistemi Azərbaycandadır" - Etibar Əliyev

 11:59 10.05.2023     2183

"Bütün dünyada imtahanların keçirilməsi sadələşdirilir, amma bizdə sanki bu, mürəkkəbliyə doğru gedir".

Bunu Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar” sözlərini şərh edərkən dedi.

“İmtahanların iki mərhələdə keçirilməsi nə verəcək? Markerlər hazırlanan və təlimat verilən minlərlə açıq tipli test tapşırıqlarının bir neçə gündə öhdəsindən gələ bilmirlərsə, bunun üçün iki mərhələli imtahan keçirməyə ehtiyac yoxdur. Əslində bu gün bütün dünyada imtahan sistemini sadələşdirirlər ki, uşaqların psixikasına mənfi təsir göstərməsin. Bəlkə də dünyada ən çox imtahan keçirilən təhsil sistemi bizim mövcud təhsil sistemimizdir. Bu da özünü tələbələrin davranışında, bilik qazanmalarında, testə aludəçilikdə göstərir” -  deyən millət vəkilinin sözlərinə görə, bu gün əsas problem müəllimin fənni keyfiyyətli tədris etməsindən ibarətdir:

“Nə vaxtsa təhsilin keyfiyyətinin normal qiymətləndirilməsi mümkün olacaqsa, o zaman imtahanlarda da sadələşmə prosesi başlayacaq. Ancaq indi elə bir keyfiyyətin qiymətləndirilməsi üçün meyarlar müəyyənləşdirilməyib. Əgər müəllim keyfiyyəti ilbəil aşağı düşürsə, bu o deməkdir ki, tədrisin də keyfiyyəti aşağı düşür. Mən düşünürəm ki, imtahan sistemini sadələşdirmək lazımdır. İndi ali məktəblərdə tələbə qəbulu keçirilir. Kim oxuya bilirsə, oxuyur, kim üzərində işləyə bilirsə, işləyir, kim xaricə üz tutursa, azaddır, gedib orda oxuyur”.

Etibar Əliyev bildirdi ki, imtahan sistemi mürəkkəbləşdikcə, uşaqlar məktəbdən yayınırlar:

“10-11-ci siniflərdə bu gün davamiyyət çox aşağıdır. Bu, çox pis haldır. Məktəb təkcə hansısa fənlərin  proqramlar üzrə mənimsənilməsi və yaxud da test tapşırıqlarının yerinə yetirilməsi məkanı olmamalıdır. Məktəb uşaqların fiziki hazırlığını gücləndirməlidir, uşaqları tərbiyə etməlidir, milli mənəvi dəyərlərimiz aşılanmalıdır, uşaqlar sosiallaşmalıdır”.

Arzu İSMAYIL