700 bal yoxdursa, təhsilin səviyyəsi aşağıdır?

 15:43 10.05.2023     1001

Hər il buraxılış imtahanlarının nəticəsi açıqlandıqdan sonra maksimal balın olmaması gündəmə çevrilir. 700 balın olmaması ehtimalı isə sosial şəbəkələrdə geniş müzakirə olunur. Çoxları düşünür ki, maksimal bal yoxdursa, demək ölkədə təhsil səviyyəsi çox aşağıdır. Ancaq Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə də dəfələrlə çıxışında vurğulayır ki, 690 baldan yüksək nəticəsi olan şagirdin bilik səviyyəsi 700 bal toplayanla eynidir.

Bəs, 700 bal bizim üçün niyə bu qədər maraqlıdır?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a danışıb.

Ekspert vurğuladı ki, 700 balın toplanılması ölkədə təhsil göstəricisinin maksimal olması demək deyil:

"Sonuncu dəfə 2018-ci ildə 700 bal toplayanların sayı 27-29 nəfər olmuşdu. Ən yüksək göstərici həmin ildə qeydə alınıb. 2019-cu ildən etibarən isə ölkəmizdə kurikulum əsasında artıq qəbul imtahanı keçirilməyə başlanıldı. 2019-2023-cü il ərzində məhz kurikulum əsasında keçirilən imtahanlar abituriyentlər tərəfindən hələ də qəbul edilə bilmir. Yəni həmin prosesə uyğunlaşa bilmirlər. Halbuki onlar bu prosesə uyğunlaşmalı idi. 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi buraxılış, ikinci mərhələsi blok imtahanları əsasında keçirilməyə başlanıldı və o vaxtdan bu dövrə kimi 3-4 abituriyent maksimum nəticə göstərib. Ümumilikdə isə müvafiq olaraq yüksək bal toplayan abituriyentlərin say çoxluğu, müəyyən interval var. Həmin intervallar əsasında istər regionlar üzrə, istərsə də ümumi təhsil göstəriciləri əsasında bunu təyin etmək olduqca asandır".

E.Əfəndi qeyd etdi ki, 2019-cu ilə qədər 11-ci siniflər qapalı tipli suallar üzərindən imtahan verirdilər.

"Onlar üçün bu imtahan daha asan idi, uyğunlaşmışdılar. Ona görə hər il xeyli abituriyent maksimal nəticə göstərirdi. 700 bal cəmiyyət üçün sıradan idi, artıq alışmışdılar. 2019-cu ildən sonra 700 bal toplayanların sayı çox azaldı. Bu da cəmiyyəti onu düşünməyə sövq etdi ki, ölkə təhsili sıfıra bərabər olub. Amma məsələ heç də belə deyil. 700 bal olmasa da, təhsil səviyyəsi aşağı deyil",-deyə ekspert bildirdi.  

Humay İSGƏNDƏRLİ