Paytaxt məktəbliləri Çağırışaqədərki hazırlıq fənnini necə keçir?

 15:02 16.05.2023     3770

Azərbaycanda hərbi xidmətə yollanan gənc əsgərlərin andiçməyə qədərki karantin dövründə çox vaxt əsgərliyə hazırlıqlı olmadıqları üzə çıxır. Bunu orduda xidmət etmiş istənilən şəxs təsdiqləyə bilər. Bu isə orta məktəblərdə tədris olunan Çağırışaqədərki hazırlıq fənninin hansı səviyyədə keçirilməsi ilə bağlı suallar doğurur. Bir çoxları isə hesab edir ki, məktəbdə bu fənn keçirilsə də, şagirdlərin fənnə marağı azdır. Yəni şagirdlər başqa fənnlərə çox üstünlük verirlər.

Ölkə üzrə daha çox paytaxtda şagird olduğunu nəzərə alaraq Bakı məktəblərində Çağırışaqədərki hazırlıq fənninin necə keçirilib-keçirilməməsi ilə maraqlandıq. 

Mövzu ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Çağırışaqədərki hazırlıq fənni Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında Qanuna, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş "Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi"nə və digər normativ hüquq aktlarına əsasən tədris olunur:

"Müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün hazırda bu fənn tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumi təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrində əhəmiyyətli bir fənn kimi hərbi rəhbər tərəfindən keçirilir. Ümumi təhsil müəssisələrinin bütün X-XI siniflərində Çağırışaqədərki hazırlıq fənni tədris olunur. Fənnin tədrisi zamanı gənclərin müstəqil öyrənmə bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Şagirdlər tədris ili boyu sıra hazırlığı, silahlar və atəş hazırlığı, taktiki hazırlıq, hərbi topoqrafiq biliklər, fövqəladə halların təsnifatı, ilkin tibbi yardım qaydalarını hərbi kabinetlərdə mənimsəyirlər. Çağırışaqədərki hazırlıq fənninin tədrisi zamanı təhsil müəssisələrinin müəllim-şagird heyəti partlayış təhlükəsinə qarşı da maarifləndirilir. Məktəblərdə könüllü seçim əsasında şagirdlərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, onlar arasında hərbi ixtisasların əhəmiyyətinin geniş təbliği, hərbi ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar geniş işlər aparılır".

İdarədən o da qeyd olundu ki, həmçinin hərbi hissələrə, Hərbi Qənimətlər Parkına, Silahlı Qüvvələrin Hərb Tarixi Muzeyinə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali hərbi təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir:

"Tədris ilinin sonunda təhsil müəssisələrində Hərbi idman bayramı keçirilir. Bayramda sıra təlimi və proqram həcmində praktik elementlər nümayiş etdirilir. Vətənpərvərlik mövzusunda həyata keçirilən genişmiqyaslı tədbirlər arasında "Şahin" hərbi-idman oyununun da mühüm rolu var. VIII-X sinif şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyununun əsas məqsədi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Çağırışaqədərki hazırlıq fənninin tədrisini daha da təkmilləşdirməkdən ibarətdir. Çağırışaqədərki hazırlıq fənninin müasir tələblər səviyyəsində tədrisi üçün paytaxtın ümumi təhsil müəssisələrində müasir kabinetlərin sayı artırılmaqdadır. Belə ki, elektron atıcılıq tiri, kazarma tipli şəraiti, Virtual trenajor zalı və s. olan kabinetlər də mövcuddur".

Həmidə İBRAHİMLİ