""Selfi" çəkdirməkdən başını qaldırıb baxmalıdır ki, mənim orta məktəblərimdə nə baş verir?"

 12:44 16.05.2023     1049

Dövlət İmtahan Mərkəzi (DİM) sədri Məleykə Abbaszadə deyib ki, bu il buraxılış imtahanlarında 800 nəfər Riyaziyyatdan, 600 nəfər isə İngilis dili fənnindən maksimal nəticə (100 bal) göstərib. 

Azərbaycan dilindən isə maksimal nəticə göstərən olmayıb. 

Maraqlıdır, Azərbaycan dilindən sullar qəlizləşdirilir, yoxsa şagirdlər dilimizi yaxşı öyrənmir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, suallar heç bir halda qəlizləşdirilmir.

Onun sözlərinə görə, bu onu göstərir ki, bizim orta məktəblərimizdə dövlət dilinin tədrisində problem var:

"Bu onu göstərir ki, bizim müəllimlərimizin və şagirdlərimizin dilin tədrisi ilə bağlı, dövlətin məzmun standartlarını yerinə yetirməklə bağlı ciddi problemi var. Yəni burada heç bir suallar süni şəkildə çətinləşməyib. Əgər bir ölkənin vətəndaşı öz ana dilindən imtahanlara, test tapşırıqlarına cavab verə bilmirsə, deməli, burada problem suallarda yox, problem Elm və Təhsil Nazirliyindədir ki, heç bir halda tədrisin təşkili ilə maraqlanmır. İndiyə qədər Elm və Təhsil Nazirliyi bir dəfə orta məktəblərə, qohum-əqrəbalarını, dostlarını vəzifəyə təyin etməkdən başqa maraqlanıbmı ki, fənlər necə tədris olunur? Gedib məktəblərdə "selfi" çəkmək yerinə, bir dəfə uşaqların qabağına Azərbaycan dilindən beş dənə sual qoyublarmı ki, ölkədə Azərbaycan dilinin tədrisi hansı vəziyyətdədir? Yenə deyirəm, sualların hər biri orta məktəb proqramına, tədris standartlarına, kurikulumun  məzmununa uyğun olaraq tərtib edilmiş suallardır. Yəni hər bir tədris ilinin sonunda şagirdlərin əldə etməli olduğu bilik və bacarıqlar yoxlanılır və ölçülür. Amma buna qədər Elm və Təhsil Nazirliyi "selfi" çəkdirməkdən, dost-tanışını, qohumlarını vəzifəyə təyin etməkdən başını qaldırıb baxmalıdır ki, mənim orta məktəblərimdə nə baş verir? Bu dəhşətli bir məqamdır ki, 107 min nəfərdən bir nəfər belə öz ana dilindən maksimum suala cavab verə bilməyib. Sualların hər biri ekspertizadan keçmiş, dəfələrlə yoxlanılmış suallardır. Sadəcə, orta məktəblərdə Azərbaycan dilinin tədrisi keyfiyyətli deyil".

Həmidə İbrahimli