Dərslər sentyabrın 1-i başlayıb, mayın 31-də bitməlidir - Deputatdan TƏKLİF

 18:04 16.05.2023     1498

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə tədris ilinin sentyabrın 1-dən başlanmasını təklif edib.

Nazir qeyd edib ki, tədris ilinin uzun olmasının uşaqların gələcəyi üçün daha yaxşıdır:

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov da dərslərin sentyabrın 1-dən başlamasının tərəfdarıdır.

Onun sözlərinə görə, dərslərin sentyabrın 1-də başlaması yaxşıdır:

"Əslində bir çox ölkələrdə belədir. Düzdür, bəzi ölkələrdə fərqli də başlayır, amma əksər ölkələrdə müxtəlif formada olsa da, mən düşünürəm ki, Azərbaycan reallığında hazırda ən uyğunu elə sentyabrın 1-dən başlanılmasıdır. Yəni əvvəlki dövrdə yanaşma belə idi ki, sentyabrın 1-i başlayır, mayın sonunda da bitirdi. İndi burada yeni təklifə əsasən, yəni iyunun 15-nə kimi qalması təklif olunur. Bunu bir sıra hallarda müəllimlərin, tələbələrin proqramı tam mənimsəməməsi ilə əlaqələndirirlər. Yəni ona görə də belə bir yanaşma var ki, biz bu formada edək. Düşünürəm ki, bu təklif kimi nəzərdən keçirə bilər. Ən önəmlisi odur ki, sentyabrın birində başlamaq daha yaxşıdır. Əgər həqiqətən bu əsaslıdırsa ki, fənn mənimsədilməsi mümkün deyil, onda iyunun 15-ə kimi baxıla bilər. Amma mən düşünürəm ən uyğun, ən doğrusu, sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi daha yaxşı olardı. Əvvəlki dövrdə də, sovet dövründə də belə idi. İyunun əvvəlində insanların əksəriyyətində oxumaq, dərsə meyl ab-havası olmur. Ona görə düşünürəm ki, əgər sovet dövründə, əvvəlki dövrdə biz bütün fənni mənimsədə bilirdiksə, bu dövrdə - sentyabrın 1-i başlayıb, mayın da 31-i yekunlaşdıra bilərik. Yox, əgər nazirliyin əsaslandırdığı kimidirsə, onda, yəni iyunun 15-ə kimi baxıla bilər. Hesab edirəm ən önəmlisi, yəni sentyabrın 1-dən başlanılmasıdır. Mən bunu alqışlayıram və düşünürəm ki, bunun tətbiq edilməsi də çox yaxşı olardı".

Həmidə İbrahimli