13 yaşlı nişanlı qızın oxuduğu məktəbdən AÇIQLAMA

 22:36 16.05.2023     918

Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Məlumata görə, qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb.

Adını məxfi saxlanılan 13 yaşlı qız Xəzər TV-yə bildirib ki, nişanlanmağını ailəsi istəyib, özü isə oxumaq həvəsindədir. Amma məktəbi ibtidai sinifə qədər oxuyub.

Redaktor.az 13 yaşlı qızın ibtidai sinfə qədər oxuduğu 213 nömrəli orta məktəblə əlaqə saxlayıb.

Məktəbdən saytımıza verilən məlumatda qeyd olunur ki, şagirdin (müvafiq səbəblərə görə adı qeyd olunmur) təhsildən yayınması ilə bağlı valideyni ilə dəfələrlə əlaqə saxlanılsa da, heç bir müsbət nəticə əldə olunmayıb.

"Odur ki, şagirdin təhsildən yayınma halı ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə və Sabunçu Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsindən məktəbə verilən cavabda bildirilib ki, şagirdin ailə üzvləri ilə əlaqə saxlanılıb, profilaktik söhbət aparılıb, təhsildən yayınmanın aradan qaldırılması barədə xəbərdarlıq edilib. Lakin bütün bunlara baxmayaraq şagirdin təhsildən yayınması halı davam edir", - deyə 213 nömrəli məktəbdən bildirildi.

Həmidə İBRAHİMLİ