"Dərs müddətini eyniləşdirmək boş və absurd fikirdir" - Kamran Əsədov

 12:48 17.05.2023     525

Xəbər verdiyimiz kimi, ötən gün elm və təhsil naziri Emin Əmrullayev “Son zəng”in tarixinin dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirdi.

“Mayın 30-dan iyunun 15-dək olan müddətdə orta aylıq hava temperaturu ilə sentyabrın 1-i ilə 15-i arasında elə bir fərq yoxdur. İnanıram ki, tədris müddəti nə qədər çox olarsa, o qədər yaxşı olar”,-deyə nazir söylədi. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, 1 - 15 sentyabr dərs müddəti ilə 1 - 14 iyun dərs müddətini eyniləşdirmək, "hava temperaturu eynidir" demək boş və absurd fikirdir:

“Birincisi ona görə ki, 1 - 15 sentyabrda hava temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur ki, bu da dərsə getmək üçün daha əlverişlidir. Amma 1 - 14 iyunda hava daha da istiləşir, temperatur hər gün yuxarıya doğru qalxır və tədris üçün əlverişsiz olur. Bundan başqa, 1 - 15 sentyabr dərslərin başlaması üçün nəzərdə tutub. Yəni şagirdlər dərsə başlayır, enerjilidirlər, həvəslidirlər. 1 - 14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gedib yorulublar, əlavə vaxt isə onlara əlavə yük deməkdir. Düşünürəm ki, ən optimal tədris ili 1 sentyabr -30 maydır. Bu tədris ilinin tətbiqi daha effektiv olar”.

Humay İSGƏNDƏRLİ