"Qırmızı diploma güzəşt tətbiq olunmursa, verilməsinə də ehtiyac yoxdur" - Nadir İsrafilovdan ETİRAZ

 15:23 18.05.2023     4136

Elm və təhsil naziri Emin Əmrullayev srağagün keçirdiyi birifinqdə ali məktəbi fərqlənmə (qırmızı) diplomu ilə bitirən məzunlara güzəştlər edilməsi ilə bağlı təklifə münasibət bildirib. nazir deyib ki, qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin olması təklifi haqlıdır.

“Biz güzəşti etmirik, onu işə götürən, bazar müəyyən edir. Lakin dünyada artıq diplomlardan, kağızlardan çox bilik rol oynayır. Güzəşt doğru və dürüst olmalıdır. Misal olaraq, 10 il əvvəl qırmızı diplom almışam və bu gün müsabiqədə iştirak etməməyim düzgün deyil, çünki bilik fərqlidir. Qırmızı diplom bilik və bacarığın əksidirsə, haqlıdır. Yox, sadəcə rəngdirsə, o zaman güzəşt edilməsi düzgün deyil”,-deyə nazir əlavə edib.

Təhsil eksperti Nadir İsrafilov mövzu ilə bağlı Redaktor.az-a danışıb.

Ekspert bildirdi ki, bu gün nəinki, qırmızı diplomu olan şəxslərə müəyyən güzəştlərin verilib-verilməməsindən, hətta, ümumiyyətlə diplomların, elmi dərəcələrin, testin, qəbul imtahanlarının ləğv edilməsindən yerli-yersiz söhbətlər gedir, əsaslı, əsassız iddialar irəli sürülür:

“Bu da təbiidir. Söz azadlığı dövründə yaşayırıq, fikir prülarizmi anlayışı baxımından hər bir subyektiv fikrə hörmətlə yanaşmaq məcburiyyətindəyik. Bununla belə bu kimi fikir və iddiaların nəzərə alınması heç də o anlama gəlməməlidir ki, bunların reallaşdırılması qaş düzəltmək əvəzinə göz çıxarmaqla nəticələnsin. Hesab edirəm ki, fərqlənmə nişanlarına layiq olan istər məktəbli olsun, istər tələbə, istərsə də ali məktəbi bitirən məzun, bu kateqoriyadan olanlar müəyyən güzəştlər nəzərə alınmaqla rəğbətləndirilməlidirlər, özəl şirkətlər etməsələr belə təhsil sferamızda bunu etməlidirlər. Bu, hər şeydən əvvəl mənəvi stimuldur. Stimullaşdırma və rəğbətləndirmə isə məsuliyyət hissinin artırılmasının başlıca şərtlərindən biridir. Yox, əgər qırmızı diplomun güzəşt baxımından heç bir əhəmiyyəti olmayacaqsa, belə diplomların verilməsinə də ehtiyac yoxdur”.

N.İsrafilov vurğuladı ki, qırmızı diplomun əleyhdarları bir qayda olaraq bu diplomların pulla və ya digər vasitələrlə alınmasını əsas gətirirlər:

“Belə çıxır ki, bu cür faktlar varsa, belə diplomlardan da imtina etməliyik. Elə isə, bir gündə təyyarə, qatar, gəmi bir yana, millyonlarla insan təkcə avtomobil qəzalarında dünyasını dəyişirlər. Onda gəlin bu minik vasitələrindən də imtina edək. Deməli, bu halda söhbət güzəştləri ləğv etməkdən yox, nazirin təbirincə desək, güzəştin doğru və dürüst olmasından gedə bilər”.

Humay İSGƏNDƏRLİ