Ortaq Türk Dünyası olimpiadası ilə bağlı iddialara CAVAB

 20:34 17.05.2023     434

Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası ideyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ötən dərs ilində həyata keçirdiyi “Zəfər” məktəblilərarası I tarix olimpiadasının davamı kimi reallaşdırılır.

Bu barədə Redaktor.az-a idarədən məlumat verilib.

Qeyd olunub ki, türk ölkələri arasında ilk dəfə keçiriləcək olimpiadanın təşkilində əsas məqsəd ortaq milli köklərimizlə, dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verilməsindən ibarətdir.

Bildirilib ki, Azərbaycan ilə türk ölkələri arasındakı dostluq və qardaşlıq münasibətləri yetişən nəsillərin öz soydaşları ilə daha sıx təmasını labüd edir: “Bu baxımdan Ulu Öndərin türk dünyasının birliyi yolundakı misilsiz xidmətlərini nəzərə alaraq “Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının keçirilməsi olduqca əhəmiyyətlidir.

Onu da nəzərə almalıyıq ki, türk xalqları ziyalılarının tarixi birlik ideyalarının gerçəkləşməsinə ən yaxın olduğumuz bir zamanda hər kəsin bu işə bacardığı qədər töhfə verməsi zəruridir. Bu, həm də türk birliyi ideyasını irəli sürənlərin, bunun reallaşmasını təmin etmək üçün mühüm işlər görən böyük şəxsiyyətlərin ruhuna ehtiramın və uğurla həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinin təzahürüdür.

Böyük türk ziyalısı İsmayıl bəy Qaspıralı 1883-cü ildə dərc etdirdiyi “Tərcüman” qəzetində “Dildə, fikirdə, işdə birlik” şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Belə böyük fikir adamları ideya və düşüncələrini özlərindən sonrakı nəsillərin əməllərinə köçürə bildilər.

Qeyd edək ki, Bakı məktəbliləri ilə türk ölkələri məktəblilərinin dostluq görüşləri, qarşılıqlı səfərləri, bilik yarışları bir sıra müsabiqə və layihələr çərçivəsində illərdir uğurla davam edir. Türk birliyinə xidmət edən hər bir şəxsin və ya özəl qurumların sağlam niyyətdən qaynaqlanan ideyaları varsa, bu məsuliyyətli işdə onlara da uğurlar diləyirik.

Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası ilə Türk İnteqrasiya Olimpiadasının ideya, məzmun və formasındakı fərqlilikləri görməzdən gələrək əsassız iddialar səsləndirməyin heç bir məntiqi əsası yoxdur. Əlbəttə, elm və təhsildən anlayışı olan heç kəs adı fərqli olan çoxsaylı riyaziyyat olimpiadalarına da biri-birinin eynisi kimi baxmır.

Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının təşkilində zəhməti olanlar əsassız ittihamçıdan fərqli olaraq heç bir biznes marağı güdmür. Belə nəcib işlərə qısqanclıqla yanaşan, türk birliyi adı altında bölücülüklə məşğul olanlara tövsiyəmiz ondan ibarətdir ki, niyyətiniz saf amallara xidmət edirsə, onların gələcəyinə şübhəniz olmasın”.