"Keçid ballarında bu il müəyyən qədər fərq yaranacaq" - Elçin Əfəndi
Xəbər verdiyimiz kimi, həftəsonu II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Hər il olduğu kimi bu il də sualların çətinlik səviyyəsi gündəmdədir. Şagirdlər və valideynlər bəzi suallardan narazıdırlar.
Bu il suallar hansı səviyyədədir? Ötən ilə nisbətən şagirdlərin nəticəsi necə olacaq? Maksimal bal gözləniləndirmi?
Suallar haqqında təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a danışıb.
Ekspert vurğuladı ki, bu il suallar ötən ilə nisbətən daha asan düşüb:
“Suallar yazmaq baxımından daha asan idi. Amma buraxılış imtahanının səviyyəsi əlbəttə daha çətin idi. Ümumilikdə ikinci və üçüncü qrupların həftə sonu keçirilən imtahanında 45 min abituriyent iştirak edib. Abituriyentlərin ümumi öz hesablamalarına görə yüksək nəticə göstərənlər çoxdur. Təxminən ötən ildən bir qədər daha yüksək nəticələr var. Bu isə onu deməyə əsas verir ki, keçid ballarında bu il müəyyən qədər fərq yaranacaq. Əsasən də, söhbət iki və üçüncü qruplarda yüksək ballı ixtisaslardan gedir. Maksimal bal isə konkret olaraq buraxılış imtahanlarından asılı olan bir məsələdir. Buraxılış imtahanında maksimal nəticə əldə edən yoxdur. Amma ola bilər ki, qarşıdakı dövr ərzində Apellyasiya Komissiyasının ümumi yekun qərarından sonra 297,5 və ya 295 bal toplayan hər hansı namizəd maksimal balı əldə edə bilər. Təbii ki, onların da blok imtahanında maksimal nəticə əldə edib-etməyəcəkləri sual altındadır”.
E.Əfəndi bildirdi ki, maksimal nəticənin əldə olunmaması ümumi təhsil keyfiyyət göstəricisinin aşağı olması anlamı vermir:
“Ümumi nəticəni bir nəfərlə qiymətləndirə bilmərik. İştirakçıların ümumi sayı, əldə olunan nəticələr və hansı bal intervalında daha çox nəticə varsa, bunlar vacib elementlərdir. Amma ümumi götürsək, builki plan yerlərində artım gözlənilir. Kifayət qədər artım olacaq, həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla. Ümumi kontekstdə ballarda bir qədər enmə halı yaşana bilər. Təbii ki, əgər plan yerlərinin sayı dediyim kimi kifayət qədər artırılsa. Bu da abituriyentlərin daha çox qəbul olmaq imkanını yaxşılaşdıra bilər”.
Humay İSGƏNDƏRLİ