"May ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır" - Kamran Əsədov

 11:49 24.05.2023     1015

"Hələ may ayının 24-dür, Bakı şəhəri və Mərkəzi Aran rayonlarında şagirdlərin isti hava ilə bağlı səhətlərində problemlər müşahidə olunur. Artıq bir neçə məktəblinin ürəyi gedib, özündə narahatlıq hiss edənlər var".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində paylaşıb.

Onun sözlərinə görə, bu, bir daha təsdiq edir ki, may ayının sonunda tədris ilini yekunlaşdırmaq lazımdır:

"Amma bundan əlavə, artıq Azərbaycan bir neçə ildir ki, yay-qış vaxtına keçid etmir. Günəş daha erkən saatlarında çıxır. Ona görə də may ayında dərslər saat 8-də yox, 1 saat daha tez başlaya bilər. 15 gündür ki, hər gün izləyirəm, saat 6-da artıq hava kifayət qədər işıqlanır. İsti hava şəraiti ilə əlaqədar may ayında dərslər daha tez başlayıb, günortanın yüksək istisi düşmədən dərsləri bitirmək olar".

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev ötən həftə keçirdiyi brifinqdə dərs ilinin sentyabrın 1-də başlayıb, iyunun 15-nə kimi davam etməsini təklif edib. Onun bu təklifi isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olur ki, hər kəs dərs ilinin sentyabrın 1-də başlayıb, may ayının 31-də bitməsinin tərəfdarıdır. 

Həmidə İBRAHİMLİ