“Rus dilində təhsilə dəb kimi yanaşanlar var” - Kamran Əsədov

 15:18 30.05.2023     301

“Rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir”.

Bu sözləri orta məktəblərdə rus bölməsinə maraq haqqında Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov söyləyib.

O vurğuladı ki, indi rus dilində təhsilə dəb kimi yanaşanlar var:

“Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Ekspert vurğuladı ki, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir:

“4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir. Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı Azərbaycan bölməsi üzrə 1.428.608 şagird, rus bölməsində 131.412 şagird, gürcü dili bölməsi üzrə 1.114 şagird, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 şagirddir. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınıb. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir”.

K.Əsədov dedi ki, rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur.

“Rus bölməsinə münasibət birmənalı deyil, lakin buna baxmayaraq, valideynlərimiz övladlarının gələcəyini rahat etmək baxımından rus bölməsinə müraciət edir. Çünki əmindirlər ki, rus dilini bilən insan üçün ən azından MBD ölkələrinə, müəyyən ədəbiyyata bu vasitə ilə daha tez çıxmaq olur. Əminik ki, rus bölməsi ilə bərabər dövlət məktəblərində ingilisdilli bölmələr olsa, rus bölməsinin reytinqi birdən-birə aşağı düşər. Rus bölmələrinin olması ideoloji baxımdan nə qədər ürəkaçan olmasa da, Rusiya kimi böyük bir dövlətin qonşususansa, iqtisadi əlaqələr baxımından bu dilə münasibət həmişə yaxşı olacaq. İstənilən halda, bir neçə dil bilməyin heç bir ziyanı yoxdur. Rus bölməsinin şagirdləri Azərbaycan bölməsi ilə eyni hüquqa malikdir, eyni kurikulumla təhsil alır, burada sadəcə tədris dili fərqlidir. Üstəgəl Azərbaycanda dövlət məktəblərində də rəsmi olaraq rus bölməsi var ki, bu da onların əlavə xərc çəkmədən övladlarının ikinci bir dili öyrənməsinə imkan verir. Bu baxımdan rus bölməsinin avantajı əlbəttə ki, ingilis dilindən çox görünür”, - deyə ekspert bildirdi.

Humay İSGƏNDƏRLİ