“Türkiyə türkcəsi artıq ortaq ünsiyyət vasitəsi kimi istifadə olunur" - Nizami Cəfərov

 12:05 01.06.2023     688

“Ortaq türk dili funksiyasını indi Türkiyə türkcəsi yerinə yetirir”.

Bu sözləri Ortaq türk dili və ədəbiyyatı dərsliyinin hazırlanması haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

Deputat dedi ki, bir vaxtlar süni bir dil yaratmaq iddiası türkologiyada geniş yayılmışdı:

“Türkiyə türkcəsi artıq ortaq ünsiyyət vasitəsi kimi istifadə olunur. Məsələ hələ dərslik səviyyəsində təqdim olunmaq iddiasında deyil, amma nə vaxtsa belə bir iddia ola bilər. Ancaq türk xalqları üçün, liseylər üçün, yəni yuxarı siniflər üçün ortaq tarix və ortaq ədəbiyyat dərsliklərinin yazılması prosesinə xeyli əvvəldən başlanılıb. Bunların birində mən də iştirak eləmişəm. İndi yenidən bu məsələyə qayıdılıb. Mənim bildiyimə görə, Astanada yerləşən Türk Akademiyası digər türk xalqlarının akademiyaları ilə qarşılıqlı əlaqədə olaraq bu dərslikləri hazırlayır. Komissiyalar fəaliyyət göstərir və yaxud komissiyalar yaradılır. Bunun önəmi çox mühümdür. Ortaq tarixin yazılması çətindir, amma hər halda qeyri mümkün də deyil. Türk dünyasını birləşdirən ümumi cəhətlər var, türk dünyasının ümumi tarixi var. Bu tarix, əlbəttə, geniş bir şəkildə öyrənilməlidir. Çünki türk xalqları ümumi türk etnosunun bölünməsinin nəticəsidir. Ona görə də məsələ xeyli dərəcədə qədimlərə gedib çıxa bilir. Yəni bu türk etnosu bütün etnoslar kimi dünyanın üzvi tərkib hissəsidir. Türk xalqlarının ortaq tarixi orta əsrlərin sonlarına qədər gəlib çıxır. Amma bu ortaq türk tarixi türk xalqlarının yeni dövrünü də əhatə etməlidir".

Millət vəkili bildirdi ki, ortaq türk xalqlarının ədəbiyyatını yazmaq daha asandır:

“Çünki türk xalqlarının ortaq ədəbiyyatı da, türk xalqlarının ortaq epostları da, mifologiyası da məlumdur. Ortaq türk tarixinin və Ortaq türk ədəbiyyatının yazılması, orta məktəblərdə tədrisi, günün zəruri tələbidir. Bunun ardınca həm də bizim xalqlarımızın ümumi ictimai şüurunda ortaq türk düşüncəsi geniş təbliğ olunmalıdır”.

Xatrıladaq ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Ortaq türk ədəbiyyatı dərsliyi hazırlanır. Ortaq Türk Dünyasının Əlifbası dərsliyinin də hazırlanacağını deyən nazir müavini həmçinin qeyd edib ki, Ortaq türk coğrafiyası dərsliyinin hazırlanması istiqamətində işlər isə artıq yekunlaşmaq üzrədir.

Humay İSGƏNDƏRLİ