İcra başçısının direktor qızı məktəbin ərazisini özəlləşdirib?

 13:43 01.06.2023     1067

Xəbər verildiyi kimi Yeni Yasamal qəsəbəsinin Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib.  

Redaktor.az bizim.media-ya istinadla xəbər verir ki, futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərən idman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir. 

Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacaq da parkinq kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib. 

Məktəb direktoru buna görə sözügedən dayanacağa nəzarətçi də təyin edib. 

Gülnar Qurbanovanın katibəsi açıqlamasında hazırda direktorun məktəbdə olmadığını və regional təhsil şöbəsinə çağırıldığını bildirib.

Qarabağ Regional Təhsil İdarəsinin mətbuat katibi Aynurə Məlikova isə məsələdən yeni xəbər tutduqlarını və araşdırma apardıqlarını qeyd edib.  

Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.