Bu hallarda yaşı 65-i keçən müəllimlərin işləməsinə imkan vermək lazımdır - Deputatdan TƏKLİF

 16:17 05.06.2023     1044

"İbtidai siniflərdə tərbiyəçi-müəllim işləyənlərin 65 yaşdan yuxarı yaşa çatanda sertifikasiyadan könüllü şəkildə keçmələri barədə qanunda dəyişiklik var. Yəni ibtidai təhsil pilləsində çalışan tərbiyəçi-müəllimlərin 65 yaşı varsa, könüllü şəkildə sertifikasiyadan keçə bilərlər. Bu isə mən düşünürəm ki, əslində onların xeyrinə olan bir dəyişiklikdir. Çünki əgər o sertifikasiyadan keçəsi olsa, lap könüllü şəkildə sertifikasiyadan keçmiş olsa, növbəti beş ildə çalışa bilər. Ancaq təhsilin digər pillələri ilə bağlı müzakirələr aparılmır".

Bu barədə Redaktor.az-a Milli Məclisi deputatı Etibar Əliyev 65 yaşı tamam olan orta məktəb müəllimlərin müqaviləsinin artırılmasına qarşı fikirlərə münasibət bildirərkən dedi.

Millət vəkili digər tərəfdən hesab edir ki, əgər müəllimin 65 yaşı varsa, fiziki imkanları normaldırsa, hər hansı bir müddətdə onun çalışmasına şərait yaratmaq lazımdır:

"Bizim elə regionlarımız var ki, orada müəllim çatışmazlığı var. Hətta mən rayonların birində müşahidə elədim ki, məsələn, coğrafiya müəllimi riyaziyyat dərsi deyir, riyaziyyat müəllimi biologiya dərsi deyir. Bu deməkdir ki, hansı rayonlarda əgər müəllim çatışmazlığı varsa, o rayonlarda müəllimlərin 65 yaşdan yuxarı yaşlarda da işləməsinə imkan vermək lazımdır".

E.Əliyevin fikrincə, sinfi boş buraxmaq olmaz

"Elə etmək lazımdır ki, Azərbaycanın bütün rayonlarında müəllim çatışmazlığı aradan qaldırılsın. Əgər kənd ucqar kənddirsə, rayon mərkəzindən uzaqdırsa, onlara güzəştlər tətbiq olunmalıdır ki, sinif boş qalmasın və bir fənn müəllimi digər fənləri tədris eləməsin. Bu o deməkdir ki, əslində o fənlərin mənimsənilməsi barədə danışmağa dəyməz. Əgər riyaziyyat müəllimi biologiya dərsi deyirsə, biologiya müəllimi fizika dərsi deyirsə, bu o deməkdir ki, bu fənlər mənimsənilmir, proqram mənimsənilmir və nəticədə də özünü tələbə qəbulunda göstərir, gənclərin həyatda özlərini təsdiqləməsində göstərir. Bütün hallarda mən düşünürəm ki, bunla bağlı çox ciddi müzakirələrə ehtiyac vardır. Yəni yeni gələn müəllimlərlə məktəbdə 60-65 yaşında müəllimlərin bilik səviyyələri, təcrübələrini müqayisə etsək, görərik ki, yenə üstünlük yuxarı yaşda olanlardandır. Onlar da əslində öz üzərlərində işləməlidirlər. Təhsilin məzmunu, biliyin statusu dəyişir. Məsələn, ali məktəblərə gələndə dünyanın elə aparıcı ali məktəbləri var ki, 80-90 yaşında məsləhətçi professor işləyir. Onlar hətta cavanlardan təhsil texnologiyalarını, informasiya, kommunikasiya texnologiyalarını dərindən bilirlər. Yəni bu məsələlər də var", - deyə deputat əlavə etdi.

Həmidə İBRAHİMLİ