"Elm və Təhsil Nazirliyinin rəhbərliyi daha çox öz qohum, dost-tanışlarına imkanlar yaradır"

 17:52 05.06.2023     801

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib ki, 65 yaşına çatmış müəllimlərin müqavilələri artırılmamalıdır. O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır.

"65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz", - deyə millət vəkili qeyd edib

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, Sabir Rüstəmxanlının fikirləri kifayət qədər dəyərlidir.

Onun sözlərinə görə, yaşı 65 olan, amma fiziki, psixoloji vəziyyəti kifayət qədər yararlı olan şəxslər var ki, onlarla müqavilələr artırılmalıdır:

"Amma Sabir müəllim çox düzgün qeyd edir ki, son üç il ərzində Elm və Təhsil Nazirliyi fəaliyyətinin böyük əksəriyyətini öz qohum, dost-tanışlarına vəzifə, eyni zamanda imtiyazlar, imkanlar açmağa həsr edib. Eyni zamanda yaşı 65 olan şəxslərin müqavilələrinin artırılması zamanı bu tipli subyektiv faktorlar öz təsirini göstərir. Bu, birmənalı şəkildə belədir və Sabir müəllim ona görə bunu deyir ki, məhz qeyd olunan subyektiv amillər aradan qalxsın. Əlbəttə, haqlı iraddır. Mən düşünürəm ki, biz subyektiv amilləri təhsil sistemindən uzaqlaşdırmalıyıq. Amma kifayət qədər insan var ki, yaşı 65-dir, amma Elm və Təhsil Nazirliyinin rəhbərliyinin dostu, tanışı, qohumu deyil deyə, onunla bağlanmış müqavilələr uzadılmır. Bu, çox təəssüf ki, problemdir".

Ekspert bildirdi ki, Elm və Təhsil Nazirliyi elmin, təhsilin inkişafında maraqlı deyil.

"Əksinə, onlar daha çox öz qohum, dost-tanışlarına imkanlar yaratmaqda maraqlıdırlar. Bu amil də məhz ciddi problemə çevrilib. Hesab edirəm ki, biz bu məsələyə fərqli baxmalıyıq. Yəni əsaslandırmalıyıq ki, kimlərlə, hansı əsasla müqaviləni artırırıq və yaxud da artırmırıq. Ümid edirəm ki, bu məsələdə ədalətli bir orta mövqe olacaq. Yəni biz müqavilələri sertifikasiyadan keçmiş və yaxud da diaqnostik balı yüksək olan, eyni zamanda digər tədris göstəriciləri yüksək olanların hər birinə verə bilərik. Onlarla müqaviləni artıra bilərik. Yəni şagirdlərin qəbul və buraxılış imtahanında nəticələri, olimpiada nəticələri yaxşı olan həmin müəllimlərlə müqavilə uzadıla bilər. Amma çox təəssüf ki, bir çox hallarda Elm və Təhsil Nazirliyi bu amilləri yox, özünün şəxsi ambisiyalarını, şəxsi maraqlarını əsas gətirərək müqavilələri uzadır", - deyə K.Əsədov vurğuladı.

Həmidə İBRAHİMLİ