“Bu il dərsdən yayınma halları minimuma enib” - Nazirliyin rəsmisi

 12:47 05.06.2023     378

"Bu il dərsdən yayınma hallarını minimuma endirə bilmişik. Regional təhsil idarələrinin qarşısında duran əsas hədəflərdən biri bu idi".

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlardan biri kimi məktəblərdə aylıq monitorinqlər keçirilməsi idi: "Hər il bu dinamikada azalma olub. Regionlarda dərsdən yayınma halları səbəbləri sırasında ilk yerdə şagirdlərin kənd işləri ilə məşğul olması gəlirdi. Ucqar kəndlərdə isə "4-cü sinifə qədər oxumağı-yazmağı varsa, bəs edər" düşüncəsi yayılıb. Ona görə də valideynlərin maarifləndirilməsi işləri aparılıb".

Şöbə müdiri əlavə edib ki, məktəblərdə davamiyyət prosesinə nəzarət gücləndirilib: "Pandemiyadan sonra məktəblərdə davamiyyətdə müəyyən boşluqlar vardı. Tək Azərbaycanın deyil, digər dövlətlərin təhsil sistemində də bu problemlər olub. Hesabatlılıq, nəzarət, davamiyyətin aşağı olmasının səbəbini araşdırmaq bu sahədə görüləcək işlərin tərkib hissəsidir. Təcrübə də göstərir ki, davamiyyəti yaxşı olan şagirdin təhsil nailiyyəti də yüksək olur" (report).