"“Fizika” və “Biologiya” fənləri birləşdirilsə, müəllimlərin aqibəti necə olacaq?" - Deputat

 18:05 08.06.2023     2130

Xəbər verdiyimiz kimi, dünən Elm və Təhsil Nazirliyi bəyan etdi ki, növbəti tədris ilindən ümumtəhsil məktəblərinin VI sinfində “Təbiət” fənninin tədrisinə başlanılacaq, əvəzində isə “Fizika” və “Biologiya” fənni keçilməyəcək.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, bu tələsik bir qərardır.

“Düşünürəm ki, bu barədə ciddi şəkildə düşünmək lazımdır. Ləğv edilən fənlərin ikisi də önəmlidir. Biz bor-birindən fərqlənən bu iki fənni birləşdiririksə, “Təbiət” dərsini hansı müəllim tədris edəcək? Yeni tədris ediləcək fənn ləğv olunanları əvəzləyəcəkmi? Bunun kimi bir çox önəmli məsələlər var. Ona görə də, düşünürəm ki, müəyyən mənada tələsik qərardır, əvvəlcədən bunun üstündə ciddi iş aparılmalı idi”.

Deputat hesab edir ki, bu fənlər həmişə ayrı tədris olunub və bundan sonra da belə davam etməsi daha doğru addımdır.

“Fənlərin birləşdirilməsini kifayət qədər əsaslandırmalıdırlar və buna aydınlıq gətirməlidirlər ki, hansı zərurətdə belə bir addım atılır. İkinci bir məsələ, bəs bu müəllimlərin aqibəti necə olacaq? Bu gün əksər müəllimlərimiz iş tapmaqda çətinlik çəkirlər, zaman-zaman narazılıqlarını bildirirlər. Bir də  belə bir məsələ var ki, üniverstetlərdə vəziyyət necə olacaq? Bizim hər il “Kimya”, “Fizika”, “ Bialogiya” üzrə məzunlarımız olur. Bunlarla bağlı hansı qərarlar qəbul ediləcək və hansı addımlar atılacaq? Bütün bu məsələlər ciddi təhlil olunmaldır,çünki müəyyən vaxt keçəndən sonra deməyək ki, bu çox səhv qərar idi”,-deyə C.Məmmədov fikrini yekunlaşdırdı.

Arzu İSMAYIL