Parlament müəllimlərlə bağlı dəyişikliyi qəbul ETDİ

 12:41 09.06.2023     973

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması təklif edilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.  

Qeyd edək ki, hazırkı qanunvericilikdə 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yoxdur.

Qanuna təklif olunan dəyişikliklərdən biri də budur ki, Azərbaycanda bağça müəllimləri sertifikatlaşdırmadan keçsin.

Bildirilir ki, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.

Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər.

Eyni zamanda hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçməyəcəklər.

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçiriləcək.

Başqa bir təklifdə qeyd olunur ki, məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilsin.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul edilib (oxu.az).