75 yaşlı doğmam: Azərbaycan Dillər Universiteti

 13:09 09.06.2023     653

İl 2023. Vaxt nə tez keçir. 3 il öncə mən bu universitetin tələbəsi oldum. O sevinci, o həyəcanı hələ də unutmamışam. O unudulmaz duyğular hələ də mənimlədir. Və o səadət həmişə mənimlə olacaq. 

Çətin hazırlıqlar və imtahanlardan sonra Azərbaycan Dillər Universitetində təhsil almağı qərara aldım. Niyə? Çünki bu universitet haqqında hələ abituriyent vaxtlarımda çox müsbət rəylər eşitmişdim. İxtisas seçimi gələndə bizə verilən 15 seçim siyahısında birinci yerdə məhz Azərbaycan Dillər Universitetini yazdım. Bu univesitetdə jurnalistika oxumaq arzularımdan birinə çevrilmişdi. Ümumiyyətlə, jurnalist olmaq mənim uşaqlıq xəyallarımdan biridir. Onu gerçəkləşdirmək üçün də məhz ADU-nu seçdim. Bu universitetdə oxuyan dost-tanış mənə ADU-nun mehriban və səmimi kollektivi olduğunun demişdi. Universitetə qəbul olduqdan sonra da bunun şahidi oldum.

Qəbul olduğum ilk ili məlum pandemiya səbəbindən onlayn təhsil alsam da, sonrakı illərdə ənənəvi təhsil sistemi dövründə aktiv tələbələrdən birinə çevrildim. Bu il mənim doğma universitetim 75 illiyi qeyd edir. Universitetimizin başqa bir uğuru da məhz bu ilə təsadüf edir. ADU-nun bu yaxınlarda “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması ölkə gündəmində ən aktual xəbərlərdən biri oldu. Reytinqdə 161 ölkədən 1594 ali təhsil müəssisəsi iştirak edib. QS sahələr üzrə dünya universitetlərinin reytinqi 5 kateqoriya üzrə qruplaşdırılmış 54 sahəni əhatə edir. Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi QS sahələr üzrə dünya universitetlərinin reytinqinə daxil olub. Onlardan biri də məhz mənim universitetim – ADU-dur.  Bu uğurlara görə, universitetimizin rektoru, akademik Kamal Abdullanın misilsiz rolu var. Rektor başda olmaqla, bütün müəllim-tələbə kollektivinin birgə əməyinin nəticəsidir ki, biz bu gün dünya universitetlərinin reytinq cədvəlində iştirak edirik.

Bir neçə gün əvvəl rektorumuz Kamal Abdulla “525-ci qəzet”ə verdiyi müsahibəsində çox maraqlı məqamlara aydınlıq gətirmişdi. Məhz həmin müsahibədən bir hissəni olduğu kimi yazıma əlavə etmək istəyirəm:

“Bu, əlbəttə ki, çox ciddi və qürurverici nailiyyətdir. Universitetimizdə çalışan fəhlə və xadimələrdən tutmuş, bütün işçilərə, müəllimlərə, tələbələrə, magistrantlara, doktorantlara qədər, hər kəsin ləyaqətlə yerinə yetirdiyi əməyin sayəsindədir.

... Bilirsinizmi, reytinqdəki bu yeri qazanmamız üçün biz Universitet olaraq xüsusi heç bir iş görmədik. Öz gündəlik işimizi həmişəki kimi vicdanla yerinə yetirməyə çalışdıq. Heç bir reytinq barədə düşünmədik. Bu barədə düşünsəydik, bəlkə də alınmazdı. Bundan sonra da bu cür olacaq.

Öz yolumuza vicdanla davam edəcəyik. “Tələbə - tələbə”, “tələbə - müəllim” münasibətlərini addım-addım saflaşdırmaq ölkəmizdə və xaricdə dünya dillərini, başqa ölkələrdə isə doğma dil və mədəniyyətimizi təbliğ etmə işini daha da təkmilləşdirmək, vətənimiz üçün onu ürəkdən sevən pak və təmiz gənclər formalaşdırmaq, Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə dönmədən əməl etmək, zəfər prezidentimiz İlham Əliyevin tövsiyyələrini daim yerinə yetirmək – bütün bunlar Azərbaycan Dillər Universitetinin gələcəyə yönəlmiş əsas istiqamətləridir”.

Universitetimizdə bir neçə şöbə fəaliyyət göstərir. Mənim təhsil aldığım şöbə Beynəlxalq Jurnalistika şöbəsi adlanır. İxtisasımız hələ tam fakültə olaraq formalaşmasa da, növbəti illərdə bunun da mümkün olacağına inanırıq. Düşünürəm ki, bizə dərs deyən müəllimlər xüsusi seçilib. Çünki onlar müəllim olmaqla yanaşı, müxtəlif media orqanlarında fəaliyyət göstərmiş, yaxud hələ də çalışan şəxslərdir ki, onlardan öyrənəcəyimiz çox şeylər var. Hətta universitetimizdə o qədər əla təcrübə proqramları yaradılır ki, biz universiteti bitirmədən real iş mühitindən təcrübələr qazanmaq şansları əldə edirik. Universitetimizdə olan “Təcrübədən əvvəl təcrübə” layihəsi sayəsində bütün kurslarda təhsil alan tələbələr müxtəlif media orqanlarını seçərək, orada 1-6 ay müddətində təcrübə keçmək imkanı əldə edirlər. Bizə yaratdıqları belə möhtəşəm fürsətlərə görə təşəkkür edirəm. 

ADU-da jurnalistika ixtisası ingilis dilində tədris edilir. Bunun müsbət tərəfi ondan ibarətdir ki, tələbələr həm də təhsil aldıqları dönəmdə xarici dili də mənimsəmiş olurlar. Əlbəttə, bu onların gələcək iş həyatlarında mühüm rol oynayan amillərdən biridir. Yazımı qədim latın ibarəsi olan, universitetimizin divarlarını bəzəyən bir gözəl devizlə bitirmək istəyirəm: “Docendo discimus” - yəni “Öyrədərək, öyrənirəm”.

Mən fəxr edirəm ki, ADU-nun tələbəsiyəm. Və əlbəttə, illər keçəcək, bizdən sonra bu qüruru yaşayan neçə-neçə tələbə yenə bu möhtəşəm sözləri hər yerdə, hamıya deyəcəklər: Mən fəxr edirəm ki, Azərbaycan Dillər Universitetinin tələbəsiyəm.

Firuzə Məlikzadə, ADU-nun Beynəlxalq jurnalistika ixtisasının tələbəsi