Kənd məktəbində BİABIRÇILIQ: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı - FOTO

 13:59 09.06.2023     574

Son günlərdə sosial şəbəkələrdə rayonlardan birində yerləşən orta məktəbdə nizam-intizam və davranış qaydalarını pozan şagirdlərə qırmızı kart verilməsi, həmin şagirdlərin fotolarının təhsil müəssisəsinin sosial media hesabında paylaşılması ciddi müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşılıb. 

Məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb.

Onun sözlərinə görə, müvafiq şəxslərin izahatı alınıb:

“Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.