"Emin Əmrullayev sadə bir nazirdir, problem komanda ilə bağlıdır"

 17:44 12.06.2023     2447

Son günlər hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı xəbərləri müzakirə olunur. Məlumata görə, onlardan biri elm və təhsil naziri Emin Əmrullayevdir.

Qeyd olunur ki, xeyli gənc və enerjili olan Əmrullayevin "vurulmasının" sırf ictimai rəylə bağlı olduğu deyilir. Təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsi E.Əmrullayev üçün "əcəl zəngi" sayıla bilər. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, Emin Əmrullayev çox yaxşı təhsil bilicisidir:

"O, dünya təhsilini bilir. Statistikadan, beynəlxalq qiymətləndirmələrdən xəbəri var. Mən düşünmürəm ki, Emin müəllim qısa müddət ərzində nazir postu ilə vidalaşacaq. Bəli, onun komanda üzvlərindən müəyyən qədər narazılığımız var. Xüsusən həyata keçirilən təyinatlar, eyni zamanda qrant layihələri və digər məsələlərlə bağlı narazılığımız, narahatlıqlarımız var. Eyni zamanda, biz bəzən təhsildən xəbəri olmayan şəxslərin yüksək vəzifələrə təyinatını görürük. Təhsil sistemində bunlar baş verir. Amma Emin müəllimin gəldiyi kariyera yoluna baxsaq görərik ki, Azərbaycanda bu gün olimpiadalarla bağlı əldə edilən uğurlar birbaşa onun nəticəsidir. Təhsil sistemində ciddi şəffaflıq onun fəaliyyətinin nəticəsidir. Sui-istifadə halları ola bilər. Amma Emin Əmrullayev kifayət qədər səmimi, sadə bir nazirdir. Düzdür, 2020-2023-cü illəri biz təhlil edəndə görürük ki, təhsilin əlçatanlığında müəyyən problemlər var. Dövlət qulluğu vasitəsilə Təhsil Nazirliyinə işə qəbulda müəyyən problemlər var. Amma ümumilikdə təhsil sisteminin olimpiada, beynəlxalq qiymətləndirmə tipli məsələlərdə çox uğur əldə etdiyimizi biz birmənalı şəkildə deyə bilərik".

Ekspert düşünmür ki, Emin Əmrullayev nazir postundan gedəcək və yaxud da getməlidir.

"Azərbaycanda təhsil üçün irəliyə doğru bir hədəf, məqsədlər varsa, Emin Əmrullayev bu istiqamətdə işləyə biləcək. Problem komanda ilə bağlıdır. Bilirsiz, komanda üzvlərini təyin etməklə bağlı, mən düşünürəm ki, müəyyən qədər dəyişikliyə ehtiyac var. Yəni Emin müəllim təhsili bəlkə də ölkədə ən yaxşı bilənlərdən hesab olunur. Bir neçə adam var ki, onların həqiqətən də beynəlxalq təhsil, beynəlxalq qiymətləndirmədən xəbəri var ki, onlardan da biri Emin Əmrullayevdir. Düşünmürəm ki, Emin Əmrullayev çıxsın. Çünki o, müasir çağırışları innovativ yenilikləri bilən biridir. Sadəcə, komanda üzvlərində dəyişikliyə ehtiyac var. Amma Emin müəllimin mənə görə həm xarici dil bilgisi, beynəlxalq universitetlərlə əlaqəli olması, beynəlxalq qrant layihələrdən xəbərdar olması təbii ki, müsbət amillərdir. Mən təbii ki, məktəblərdə, universitetlərdə baş verən hadisələri bilirəm və mən düşünürəm ki, burada məsələ nazir məsələsi deyil, yaxşı komanda üzvləri yığılarsa, daha yaxşı olur. Amma bütünlükdə Emin Emrullayev özü nazir kimi kifayət qədər uğurlu bir insandır", - deyə K.Əsədov bildirdi.

Həmidə İBRAHİMLİ