"Bu müəllimlə bağlı tədbirlər görülməlidir" - Deputat

 13:09 12.06.2023     567

Ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları gündəm olub. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub. Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqid olunub. Müəllimin hədiyyə adı altında rüşvət alması sərt qınanılıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, dünəndən bu məsələ sosial şəbəkələrdə çox geniş müzakirə olunur.

Onun sözlərinə görə, bütün hallarda belə bir halın baş verməsi xoşagəlməzdir:

"Bu, ümumilikdə həm təhsilimizə, həm də müəllimin nüfuzuna xələl gətirən bir məsələdir. Ona görə də yəni bu məsələdə həm valideynlərimizin, həm də müəllimlərimizin üzərinə böyük məsuliyyət düşür. Biz çalışmalıyıq ki, müəllimin, məktəbin nüfuzunu qoruyaq və ümumiyyətlə, belə halların baş verməsinə imkan verməyək. Eyni zamanda, düşünürəm ki, bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır və fakt təsdiqləndiyi halda da müəllimlə bağlı araşdırmalar aparılaraq müvafiq tədbirlər görülməlidir. Həmçinin məktəblərimizdə belə halların baş verməməsi üçün də müəyyən addımlar atılmalıdır. Yəni müəllimin vəzifəsi dərs deməkdir və dərs deməyin müqabilində də maaş almaqdır. Əgər belə bir hal baş verirsə, biz bunun adını nə qoyuruqsa qoyaq, bu, yenə də bütün hallarda normal bir məsələ deyil. Ona görə düşünürəm ki, çox ciddi araşdırılmalıdır və buna uyğun da müəyyən addımlar atılmalıdır. Yəni indi bunu kimsə əsaslandıra bilər ki, bu, hədiyyədir, amma bütün hallarda məktəbdə belə halların baş verməsi xoşagəlməzdir".

Həmidə İBRAHİMLİ