"Bir müəllimin "ələbaxan" olması çox acınacaqlı durumdur" - Vüsalə Ağabəyli

 14:31 12.06.2023     994

"Müəllimə hamının gözü önündə video çəkilişlə hədiyyə təqdim edilirsə, bunu rüşvət hesab edə bilmərik".

Bu fikirləri Redaktor.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddialarına münasibət bildirərkən deyib.

"Ona görə rüşvət hesab edə bilmərik ki, 4-cü sinif şagirdləri artıq ibtidai təhsil pilləsini başa vurub, orta təhsilə keçir. Həmin müəllim o şagirdləri növbəti mərhələdə qiymətləndirilmə prosesində iştirak etməyəcəksə, hansı halda şagirdlər arasında ayrı-seçkilik apara bilər ki? Ümumiyyətlə isə, tam fikrimi bildirmək lazımdırsa, görüntü olaraq çox yanlış görüntüdür. Bir müəllimin "ələbaxan" olması, kimdənsə nəsə umması çox acınacaqlı durumdur. Valideynlər də bu cəmiyyətin tərkib hissəsidir, onlar bu cəmiyyətə övlad yetişdirir, aralarında biri də olsa etiraz səsini niyə öncədən ucaltmayıb? Yenə deyirəm, bu rüşvət deyil, milyonlarla rüşvət və korrupsiya məsələləri var, gizli otaqlarda, örtülü zərflərdə, üzə çıxarılası məsələlər məhz bunlardır, istər təhsil, istərsə də digər sahələrdə. Lakin müəllimin öz peşəsinə hörmət etməməsi, şagirdlərin önündə bu görüntüyə icazə verməsi də qınanılacaq məqamdır".

Xatırladaq ki, ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin görüntüləri yayılıb.

Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevaya 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub. 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.

Həmidə İBRAHİMLİ